Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 19:00
Bakı. Trend:
Əqli Mülkiyyət Agentliyində sahibkarlar üçün təlim kurslarının ilkin mərhələsi keçirilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlıq fəaliyyətinin inkişafına göstərdiyi yüksək diqqətin nəticəsidir ki, ölkəmizdə orta və kiçik bizneslə məşğul olan hüquqi və fiziki şəxslər, eləcə də iri sahibkarlıq subyektlərinin fəaliyyətinə yaradılan maneələr aradan qaldırılmış, o cümlədən sahibkarlara məxsus əmtəə nişanlarının qeydiyyata alınması ilə bağlı prosedurların təkmilləşdirilməsi və iddiaçı məmnunluğunun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası rəhbərliyinin müraciətini nəzərə alaraq, Konfederasiyanın səlahiyyətli nümayəndələri ilə görüşmüş və sahibkarları maraqlandıran məsələlər barədə müzakirələr aparıb. Görüşdə həmçinin sahibkarlar üçün ilkin mərhələdə haqqı ödənilməyən (ödənişsiz) maarifləndirici xarakterli təlim kurslarının təşkili barədə razılıq əldə olunmuşdur.
İkitərəfli razılaşmaya əsasən, cari ilin 10-11 iyun tarixlərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində sahibkarlar üçün “Sənaye mülkiyyəti obyektlərindən istifadənin hüquqi tənzimlənməsi” mövzusunda təlim kurslarının ilkin mərhələsi təşkil olunub. Ödənişsiz təlim kurslarında özəl sektoru təmsil edən 50 nəfərədək dinləyici iştirak edib.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsənli kurs iştirakçılarını salamlayıb və bu tədbirin sahibkarlar üçün faydalı olacağını vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.
İki günlük təlimdə “Əqli mülkiyyət hüquqlarının təminatında məhkəmə praktikası”, “Sənaye mülkiyyəti obyektlərinin mühafizəsinin hüquqi təminatı”, “Milli qanunvericiliyə uyğun olaraq əmtəə nişanlarının qeydiyyatı üçün təqdim edilmiş iddia sənədlərinin ekspertizası, qeydiyyat haqqında qərarın qəbulu, iddia sənədi barədə məlumatların dərci və qeydiyyatın qüvvədə olma müddəti”, “Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı (Madrid sazişi)”, “Sənaye nümunələrinin hüquqi mühafizəsi”, “Sənaye nümunələrinin beynəlxalq təsnifatı (Lokarno sazişi)”, “Coğrafi göstəricilərin hüquqi mühafizəsi: milli və beynəlxalq qanunvericiliyin tətbiqi istiqamətləri” mövzularında məruzələr dinlənilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin