Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 18:08
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə öz müsbət nəticəsini göstərir. Xəstəliyə gündəlik yoluxmaların sayı sürətlə azalır, sağalanlar isə yüksək templə artır. Bu müsbət dinamika mərhələli şəkildə karantin rejiminin saxlanması şərti ilə iqtisadiyyatın müəyyən sahələrinin yenidən canlandırılmasına imkan yaradır. Belə ki, sistemli və məqsədyönlü siyasət nəticəsində bir tərəfdən işsizlərə dövlət tərəfindən maliyyə yardımının, digər tərəfdən isə sahibkarlara maliyyə dəstəyi ilə yanaşı, vergi güzəştlərinin edilməsi mümkün olmuşdur. Eyni zamanda iqtisadiyyatın bir sıra sahələrində iqtisadi fəallıq təmin edilmişdir. Bütün görülən tədbirlər nəticəsində ölkə iqtisadiyyatının dayanıqlılığına və əhalinin sosial müdafiəsinin qorunmasına nail olunmuşdur.
Bu fikirləri Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustda keçirdiyi müşavirədəki çıxışında qeyd etdiyi kimi - "İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq":
"Məhz bütün təşkilati məsələlərin vaxtında və yüksək səviyyədə təşkili nəticəsində sosial-iqtisadi məsələlər öz həllini tapır. Son aylar ərzində çox böyük işlər görülübdür: 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi, dövlət sektorunda çalışan 900 min insanın dövlət tərəfindən əməkhaqqısı ödənilir, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi. Pensiyalar, müavinət və təqaüdlər vaxtı-vaxtında verildi. Eyni zamanda, şəhid ailələrinə dövlət hesabına yeni mənzillər, müharibə veteranlarına və əlilliyi olan şəxslərə avtomobillər verildi. Demək olar ki, 2020-ci ilin birinci yarısını vətəndaşların sosial müdafiəsinin təminatı dövrü adlandırmaq olar.
Pandemiyanın bütün dünyanı bürüməsinə baxmayaraq, Prezident İlham Əliyevin sosial siyasəti davamlı və dayanıqlıdır. Aparılan düzgün siyasət nəticəsində bu il rekord sayda məcburi köçkün ailəsi - təqribən 7000-dən çox məcburi köçkün evlərlə, mənzillərlə təmin olunacaq. Həmçinin, rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi dövlətin belə çevik sosial layihələr gerçəkləşdirməsini görmürük. Bütün bunlar onu deməyə əsas verir ki, dövlət vətəndaşının daim yanındadır və onun sağlamlığının, sosial rifahının, təhlükəsizliyinin qarantıdır.
Ölkədə müşahidə edilən müsbət dinamika karantin rejiminin yumşalmasına imkan verir. Lakin açılacaq obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməli, sosial məsafə qorunmalı, obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Bu şərtlər əsasında yaxın günlərdə əhalinin iqtisadi fəallığının artırılması mümkün olacaqdır. Tədricən yeni şəraitə uyğun olaraq normal həyat fəaliyyətinin bərpasına keçərək bir çox məsələlərin həllinə nail olacağıq.
Amma həm də nəzərə almalıyıq ki, bu xəstəlik hələ də dünyanı öz cəngində saxlayır. Ona görə xəstəliyə qarşı mübarizə daha da gücləndirilir və hər bir vətəndaşın karantin rejimi qaydalarına ciddi riayət etməsi tələb olunur. Hesab edirik ki, səylərimizi birləşdirərək cəmiyyətimizin sağlam, firavan və ahəngdar inkişafını təmin edəcəyik. Çünki Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz öz gücümüzə arxalanırıq. Bu güc isə Azərbaycan xalqı və xalqına arxalanan Liderin - Prezident İlham Əliyevin böyük, sarsılmaz siyasi iradəsidir".