Tarix: 10 Avqust 2020 17:30
“
Sumqayıt”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı rəqibi Şimali Makedoniyanın “Şkendiya” klubu 1979-cu ildə təsis olunub.
Qol.az xəbər verir ki, Tetovo şəhərini təmsil edən 41 yaşlı klubun əsas rəngləri qara-qırmızıdır.
“Şkendiya” ev oyunlarını 15000 tamaşaçı tutumuna malik, digər adı “Ekoloq Arena” olan Tetovo şəhər stadionunda keçirir.
UEFA-nın klub reytinqində 150-ci pillədə qərarlaşan komandanı 50 yaşlı albaniyalı mütəxəssis Ernest Gjoka çalışdırır. 3 dəfə Şimali Makedoniya çempionu (2010/11, 2017/18, 2018/19) və 2 dəfə ölkə kubokuna (2015/16, 2017/18) sahib olan tetovolular ötən mövsümü 23 oyunda 10 qələbə, 5 heç-heçə və 8 məğlubiyyətlik nəticə göstərib. Ümumilikdə 35 xal toplayan kollektiv mövsümü 3-cü pillədə başa vurub.
Komandanın 32 yaşlı yarımmüdafiəçisi Armend Alimi 9 qolla çempionatın ikinci bombardiri olub. Alimi Şimali Makedoniya millisində 13 oyunda meydana çıxıb.
Qeyd edək ki, “Şkendiya”nın heyətində Şimali Makedoniya millisinin 2 futbolçusu – Egzon Bejtulai və Ljupco Doriev çıxış edir.