Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sübut olunmasa, da çəkindirirlər: COVID-ə yoluxan hamilələr üçün qızıl qiymətində cavablar

Sübut olunmasa, da çəkindirirlər: COVID-ə yoluxan hamilələr üçün qızıl qiymətində cavablar

Tarix: 16 Avqust 2020 16:39

Bir müddət öncə COVID-19 xəstəsi olan qadınlarla bağlı müəyyən statistika açıqlandı. Bu statistikaya görə, 16 belə qadın ana olub. Risk qrupunda olan hamilələr körpələri üçün də əndişələnirlər - virus dölə keçə bilərmi, hansı dərmanlardan istifadə etmək olar, necə qorunmaq mümkündür, körpələri nə ilə qidalandırmalı...

Sonxeber.net bildirir ki, bu və digər suallara cavab tapmaq üçün Sputnik Azərbaycan respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə söhbətləşdi:

- Ən çox verilən suallardan biri ətrafında danışaq: Bu virus hamilələrdə özünü necə büruzə verir?

- Hamilə olmayan şəxslərdə olduğu kimi, hamilələrdə də bu xəstəlik özünü tənəffüs yolu simptomları, hərarət, öskürək, təngnəfəsliklə bildirir. Hamilədə daha ciddi xəstəliklər olarsa, bu zaman onda pnevmoniya, böyrək çatışmazlığı yarana bilər, hətta bu hal ölümlə də nəticələnə bilər. Bu cür xəstələrdə də COVID-19 asimptomatik və simptomatik ola bilər. Xəstəlik yüngül olduqda hamilədə qızdırma, boğaz və baş, hətta əzələ ağrısı da ola bilər. Kliniki olaraq aşağı tənəffüs yollarının xəstələnməsi zamanı isə ağciyərlərdə "buzlu şüşə"nin aşkarlanması, təngnəfəslik, bədəndə oksigen çatışmazlığından saturasiyanın aşağı düşməsi müşahidə oluna bilər.

Sağlam insanlar, o cümlədən də sağlam hamilələrdə saturasiya 98-100 olmalıdırsa, kliniki vəziyyətdə saturasiya 93-dən aşağı ola bilər. Bu zaman artıq biz deyə bilirik ki, burada mülayim dərəcədə xəstəlik inkişaf edib. Hamilədə tənəffüs çatışmazlığı varsa, şoka düşübsə, bir neçə orqanda disfunksiya müşahidə edilirsə, belə xəstə ağır olaraq dəyərləndirilir.

- Virus dölə keçə bilərmi?

- Hələlik virusun dölə keçməsi sübut olunmayıb. Lakin 7-8 həftəlikdə 39-40 dərəcə hərarət dölə təsir edə bilər. Bundan başqa, onu da qeyd edim ki, ultrasəs müayinəsi zamanı bütün problemlər aşkarlana bilməz. Ultrasəs sadəcə olaraq xarici görünüşü göstərə bilir. Dopler müayinəsi isə bəlli həftələrdə edilməlidir.

- Şübhəli hal olduqda hamilə nə etməlidir?

- Hər hansı şübhəli hal olduqda hamilə mütləq qadın məsləhətxanasına, sahə mama-ginekoloquna müraciət etməlidir. Səhiyyə Nazirliyi tərəfindən poliklinikalara ciddi nəzarət var. Həkim-terapevtlər tərəfindən ciddi müayinələr aparılır və lazımi alqoritmlər tərtib olunur. COVID-19 olan hamilə lazım olduğu qədər həkimə müraciət etməli və ondan tam dəstəyini almalıdır. COVID-19 olmayan hamilələr də sosial məsafəni qorumalı, maska taxmalı, gigiyenik qaydalara əməl etməlidirlər. Hamilələr bacardıqları qədər bütün kontaktları minimuma endirməlidirlər.

Hər bir hamilə xaricdən qohum və tanışının gəlib-gəlməməsi haqda, eyni zamanda da ailəsində COVID-19 aşkarlanan şəxs haqda həkiminə məlumat verməlidir. Bu məlumatı həkimdən gizlətmək olmaz. Həkim bilməlidir ki, hamilə risk qrupundadır, yoxsa yox. Belə olan halda həmin hamilələrə nəzarət daha da güclənir. Bu zaman hamilədə ilkin mərhələdə COVID-19-un aşkarlanması daha tez müalicəyə başlanması deməkdir.

Hamilə hərarətin olub-olmaması, ishal, öskürəyin olub-olmaması, nəfəs almasında hər-hansı problem yaşaması haqda da məlumat verməlidir. Hamilə düşünməməlidir ki, bu, havanın isti olması ilə əlaqədardır. Bu COVID-19-un əlaməti ola bilər. Sahə mama-ginekoloqu hamilənin qızdırmasını ölçəcək, ciyərlərinə qulaq asacaq, eyni zamanda saturasiyası da yoxlanılmış olacaq.

- Hazırkı pandemiya şəraitində hamilələr özləri vaxt təyin edərək həkimə daha gec-gec getməyə üstünlük verirlər. Bunun nə kimi fəsadları ola bilər?

- Amerika mama-ginekoloqları tərəfindən təklif olunur ki, təyinata uyğun olaraq hamilələr vaxtında həkim qəbulunda olmalıdırlar. Yəni "COVID-19 pandemiyası var, həkimə getməyim, bu dəfə getməsəm, heç nə olmaz" demək düzgün deyil. Bu, yolverilməzdir. Çünki hər bir hamilə qadın qorunma üsullarından istifadə edərək həftəliyə uyğun müayinələrdə olmalıdır. Hamilələr xüsusən 12, 20, 28 və 36-cı həftələrdə mütləq müayinədə olmalıdırlar. Hamiləliyin bu həftələrdə mütləq ultrasəs müayinəsi olmalıdır. Aparılmış müayinələr əsasında COVID-19 aşkarlanan hamilənin evdə, yaxud da xəstəxanada müalicə almasına qərar verilə bilər. Xəstəxana olaraq isə hamilələr çoxprofilli xəstəxanalara yerləşdirilməlidirlər. Bundan başqa, təklif edirəm ki, COVID-19 olan hamilələr üçün psixoloji yardım olsun.

- COVID-19-un müalicəsində istifadə olunan dərmanlardan danışaq, əks-təsirləri nədir?

- COVID-19-la bağlı adi xəstələrə verilən bəzi dərmanlar hamilələr üçün əks-göstəriş hesab edilir. Bu dərmanlar döldə eybəcərlik yarada bilər. Amerikada bəzi xəstəxanalarda protokola uyğun olaraq COVID-19-un ağır gedişi müşahidə olunan hamilələrdə "Remdesivir" dərmanından istifadə olunur. Bu, əslində köhnə dərmandır, Ebola, MERS virusu zamanı da bu dərmandan istifadə olunmuşdu. Bu səbəbdən COVID-19 zamanı da bu dərmandan bir çox ölkələrdə istifadə olundu. "Remdesivir" bir qədər baha olduğundan qiymət baxımından daha sərfəli və effektli olan "lopinavir-ritonavir" dərmanından da istifadə olunur. Bu dərman erkən doğuş riskini artırsa da, teratogen effekti (dölün eybəcərləşməsi - red.) qeydə alınmayıb. Lakin COVID-19-da istifadə olunan "Ribavirin" və "Barisitinib" kimi vasitələr əks-effektə malik olduğundan hamilələrdə istifadə olunmur.

Hamilə qadında hamiləliyin birinci trimestrində orqanogenez zamanı hərarətinin artması nəzəri olaraq anadangəlmə anomaliyaların, sinir borusu defektlərinin inkişafının tezliyi və düşük təhlükəsini artırır. "Asetaminofen"in hamiləlik zamanı, o cümlədən ilk 3 ayda istifadəsi təhlükəsizdir və hipertermiya ilə əlaqədar hamiləlik risklərini aşağı salır. Lakin COVID-19 olan hamilə qadınlarda qlükokortikoidlər tövsiyə olunmur. Çox ağır vəziyyətdə olan hamilələr üçün reanimatoloqlar tərəfindən qlükokortikoidlər təyin olunur və ananın ağciyərinin müalicə sxemlərində istifadə olunur. COVID-19 olan analarda erkən doğuş zamanı da dölün ağciyərlərinin yetişdirilməsi zamanı qlükokortikoidlər tövsiyə olunur. Bu da protokola və ciddi həkim göstərişinə əsasən reallaşır. COVID-19 xəstəsi olan hamilələrdə erkən doğuş riski olduğundan sancılar zamanı yalnız bir qrup dərmanlardan istifadə olunur.

Belə ki, ACOG (Amerika Mama-ginekoloqları Kolleci) tərəfindən antenetal dövrdə hamiləliyin 24 həftəsindən 33 həftə +6 gününədək müddətində olan COVID-19 şübhəli və ya xəstə olan hamilələrə vaxtından əvvəl doğuş təhlükəsi riski yüksək olduğu halda 7 gün ərzində betametazonun vurulması tövsiyə olunur. Lakin hamiləliyin 34+0 günündən 36 həftə +6 gününədək olan müddətdə betametazonun istifadəsi zamanı yenidoğulmuşda üstünlük olmadığından tövsiyə olunmur.

- Belə hamilələr mütləq qeysəriyyə əməliyyatı ilə övladlarını dünyaya gətirməlidirlər?

- Qeyd edim ki, qeysəriyyə kəsiyi standart mamalıq göstərişlərinə görə icra olunur. COVID-19 xəstəsi şübhəli və ya xəstə hamilələrə neyroaksial anestetik əks-göstəriş deyil və bir sıra üstünlüklərə malikdir. Lakin qeyd edim ki, azot oksidi sisteminin potensial aerozolluğu, filtrasiya və təmizlənməsi haqda kifayət qədər məlumat olmadığından, bu kateqoriyaya aid hamilələrdə istifadəsinin dayandırılması tövsiyə olunur. 39-cu həftədə ciddi göstərişə görə qeysəriyyə əməliyyatı icra oluna bilər və doğuş zamanı tibbi personal fərdi izolyasiya olunmalıdır. Bundan başqa, hazırkı dövrdə COVID-19 xəstəsi olanlara ağızdan narkozun dayandırılması tövsiyə olunur.

- Qanda laxtalanma ilə bağlı da istəyərdim, məlumat verəsiz.

- Hamilə qadınlarda hamiləliyin ikinci mərhələsində qanda qatılaşma baş verir. Damarlarda durğunluq olmasın deyə mütləq şəkildə profilaktika aparılmalıdır. Bunun üçün öncədən qan analizi verilməli, daha sonra isə həkim təyinatı olmalıdır.

- İndiki şəraitdə zahı hansı müddətdə evə buraxıla bilər?

- İndiki şəraitdə qanaxma və ağırlaşma yoxdursa, qadın 24-48 saatdan sonra evə gedə bilər. Pandemiya olmadığı şəraitdə bu müddət fərqli olurdu. Lakin zahıda COVID-19 varsa, o, evə belə tezliklə buraxılmayacaq. Ana tam sağalıb müalicəsini başa vurandan sonra onu evə yaza bilərik.

- COVID-19 analar uşaq əmizdirə bilərlərmi?

- Uşaq əmizdirməyə gəldikdə, onu deyim ki, virusun ana südü ilə yoluxması hələ ki sübut olunmayıb. Xəstəlik hava-damcı yolu ilə yoluxduğundan ana mütləq gigiyenik qaydaları gözləməklə körpəsini əmizdirməlidir. Maska taxmalı, çalışmalıdır ki, ağız suyu uşağa bulaşmasın. Lakin ananın vəziyyəti ağırdırsa, o, aktiv COVID-19 xəstəsidirsə, ananın südünü sağlam şəxs sağaraq uşağın qidalanmasını təmin etməlidir. Ananın hər iki nəticəsi neqativ olduqdan sonra o, körpəsi ilə rahatlıqla təmas yarada bilər.

- Tövsiyələriniz nədir?

- Hamilələr, eyni zamanda da evdə körpəsi olan hamilələr də diqqətli olmalıdırlar. Çünki COVID-19 uşaqlarda çox yüngül keçir. Bu uşaqlar da yoluxdurucu ola bilərlər. Uşaqlarla müqayisədə valideynlər bu virusu daha ağır keçirirlər. Bundan başqa, bir dəfə istifadə üçün nəzərdə tutulan maskanı 15 gün çantada gəzdirib taxmaq düzgün deyil. Həmçinin, çoxluq olan yerlərdən qaçmaq, sıxlıq olan yerlərdə, xüsusən də qapalı ərazilərdə maska taxmaq vacibdir. Əlləri yumaq, əlləri ağıza, buruna, gözə toxundurmamaq, məsafə saxlamaq lazımdır.


Etiketlər:  Sübut olunmasa çəkindirirlər COVID yoluxan hamilələr üçün qızıl qiymətində cavablar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ