Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2019 19:48
Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsində müasir üsulların tətbiqi hər kəsin prosesdə iştirakına şərait yaradır.
Komitədən Trend-ə verilən məlumata görə, növbəti hərraclardan biri 23 iyul tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 80 dövlət əmlakı çıxarılıb. Hərracda investorlar 31 kiçik dövlət müəssisəsi və obyekti, 16 səhmdar cəmiyyəti, 29 nəqliyyat vasitəsi və 4 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Respublikanın müxtəlif regionlarında yerləşən kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 7.5 kv.m və 9.2 min kv.m arasındadır. Obyektlərin qiymət intervalı üzrə də fərqlənməsi hər bir potensial investor üçün uyğun seçim imkanları yaradır. Qəbələ rayonu, Çuxur Qəbələ kəndindəki Anbar binasının ümumi faydalı sahəsi 78 kv.m-dir. Bu dövlət əmlakını hazırki fəaliyyət sahəsi ilə yanaşı, digər istiqamətdə xidmət obyekti kimi istifadə etmək mümkündür.
Hərraca çıxarılan qeyri-yaşayış sahələri Bakı, Gəncə, Beyləqan və Abşeronda yerləşir. Xidmət və ofis obyekti kimi istifadəyə imkan verən dövlət obyektlərindən biri Gəncə şəhərindədir. Ümumi faydalı sahəsi 47 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin hərrac qiyməti 7 min manatdır.
Budəfəki hərracda investorlar səhmdar cəmiyyətlərinin 30%-45%-lik səhm paketləri üzrə seçim edə bilər. “Yevlax yun”, “Daşkəsən Aqrotexservis”, “Salyan Kəndkimya” kimi səhmdar cəmiyyətləri müxtəlif şəhər və rayonlarda yerləşir.
Avtomobil almaq arzusunda olan şəxslərə isə istehsal ili 1995-2008 olan nəqliyyat vasitələri təklif olunur. Bu növ dövlət əmlakları "Hyundai", "Chevrolet", "Daewoo" və digər markalara aiddir, ilkin hərrac qiymətləri isə 1000 manat ilə 6 min manat arasındadır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin