Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 20:12
İranda bu gün (17 avqust) imzalanan 13 müqavilənin icrası ilə xam neft hasilatı gündəlik 185 min barel artacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın Milli Neft Şirkəti icra direktorunun müavini Rza Dehqan neft hasilatının qorunması və artırılması ilə əlaqədar müqavilələrin imzalanması mərasimində deyib.
R.Dehqanın sözlərinə görə, bu müqavilələr 2-2,5 il ərzində icra olunacaq.
Şirkət rəsmisi qeyd edib ki, müqavilələrin icrası ilə 3 il ərzində İranın neft hasilatı ümumilikdə 370 milyon barel olacaq.
Dehqan deyib ki, 2019-cu ilin əvvəllərində (yanvar-fevral) neft hasilatının qorunması və artırılması ilə bağlı 10 müqavilə imzalandı. Həmin müqavilələr əsasində görülən işlərdə 25% irəliləyiş var.
Dehqan əlavə edib ki, ilin sonunadək (21 mart 2021-dək) hasilatın qorunması və artırılması ilə əlaqədar yeni müqavilələr imzalanacaq.
Dehqan bildirib ki, bu gün imzalanan müqavilələr Mənsurabad, Marun, Zilayi, Əhvaz, Balarud, Cilingər, Resalət, Foruzan, Siyahməkan, Ramin və Kərəngan yataqları ilə əlaqədardır. Bu yataqlar Xuzistan, Kohgiluyə və Buyir-Əhməd, Fars, Buşehr və Hörmüzqan vilayətlərində yerləşir:
"İmzalanan müqavilələrin dəyəri 35-250 milyon avro arasındadır. Ümumilikdə 13 müqavilənin dəyəri 1,5 milyard avrodur".
Şirkət rəsmisi deyib ki, müqavilələrlə əlaqədar proyektlərin icrasında yerli istehsalın payı 80% olacaq.
Qeyd edək ki, bu gün İranın Cənub Neft Zonaları Milli Şirkəti və İranın Ofşor Neft Şirkəti ilə İranın podratçı şirkətləri arasında neft hasilatının qorunması və artırılması ilə əlaqədar 13 müqavilə imzalanıb. Müqavilələrin imzalanması mərasimində İranın neft naziri Bijən Zəngənə və İranın Milli Neft Şirkətinin icra direktoru Məsud Kərbasian iştirak ediblər.