Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 21:12
Sədəqə iki yerə bölünür: vacib və müstəhəb. Zəkat - vacib sədəqədir, İslam dininin vacibatlarından biridir. Onu inkar edən küfr etmişdir. Quranda o yerdə ki, namazın adı çəkilmişdir, zəkatın da adı çəkilmişdir.
Sələbə Ənsari adlı bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir ki, Allahdan mənim üçün çoxlu sərvət istə. Həzrət (s) buyurur: "Məsləhət deyildir, yolunu azarsan. Canım əlində olan Allaha and olsun ki, əgər iradə etsəm ki, dünyanın bütün dağları qızıl və gümüş olsun, olacaqdır".
Həmin şəxs gedir və ikinci dəfə yenə gəlir və and içir ki, əgər Allah mənə ruzi versə, mən bütün İlahi haqları yerinə yetirəcəyəm. Həzrət (s) onun üçün dua edir və qoyunlarının sayı o qədər artır ki, onları şəhərdə saxlaya bilmir. O zaman ki, yoxsul idi, camaat namazlarında iştirak edərdi, ancaq sərvəti artıqca, get-gedə camaat namazlarına az gəlməyə başladı. O yerə çatdı ki, artıq gəlmədi. Həzrətə (s) onun halından xəbər verirlər və Peyğəmbər (s) buyurur: "Vay olsun Sələbənin halına!". Uzun müddət keçmədi ki, zəkat ayəsi nazil oldu və Həzrət (s) zəkat almaq üçün onun yanına məmur göndərir və həmin şəxs məmura belə cavab verir: "Başqalarından alının, sonra mənim növbəm gəlib çatsın". Başqalarından zəkatı alandan sonra onun yanına gəlirlər və deyir: "Gedin, mən onun haqqında bir qədər düşünüm".
Məmurlar gəlib olanları Peyğəmbərə (s) danışırlar və Həzrət (s) buyurur: "Vay olsun Sələbənin halına!". Bu zaman bu ayə nazil olur:"Onlardan Allahla "əgər O, Öz lütfündən bizə əta etsə, mütləq sədəqə verəcək (hər bir haqq sahibinin haqqını ödəyəcək) və mütləq salehlərdən olacağıq" deyə əhd bağlamış kəslər vardır. Beləliklə, elə ki, (Allah) Öz lütfündən onlara əta etdi, ona xəsislik etdilər və (qəlbən) dönük olaraq üz çevirdilər". ("Tövbə" 75-76). Bəli, Sələbə bu cür küfr halında ömrünün axırına qədər yaşayır və küfr ilə də ölür.
Ona görə də zəkat verməmək küfrdür və hər bir müsəlman bu İlahi vacibatı yerinə yetirməlidir. İmam Əli (ə) buyurur: "Zəkat - İslamın körpüsüdür, hər kim onu ödəyər, bu körpüdən keçər. Hər kim ödəməz - onun altında məhbus olar. Zəkat Allahın qəzəbini söndürər".
Sədəqənin müstəhəb forması - infaqdır. İnsan əgər öz malından bir hissəsini Allah yolunda infaq edərsə, bu, müstəhəb sədəqə hesab olunar.
İmam Baqir (ə) İmam Əlidən (ə) nəql edir ki, buyurub: "Hər gün bir dinar infaq edərdim. Peyğəmbər (s) mənə buyurmuşdu: "Məgər bilmirsənmi ki, möminin sədəqəsi əlindən çıxmaz, məgər o halda ki, 70 şeytanın ağzından azad olar. (Hamısı deyər ki, vermə). Yoxsulun əlində qərar tutmaz, məgər o halda ki, ilk Allah-Təalanın əlində qərar tutar"".
Sədəqənin faydaları:
- Axirət savabları. Həzrət Peyğəmbər (s) buyurur: "Agah olun ki, hər kim sədəqə infaq edər, onun üçün hər bir dirhəmin ölçüsü qarşılığında Ühüd dağı boyda behişt nemətləri olar".
- Sədəqə Allahın əlində qərar tutar.
- Sədəqə ilə mal azalmaz.
- Şeytanın belini sındırar.
- Pis ölümü dəf edər.
- Ömrü uzadar.
- Ruzini artırar.
- Xəstəliyin şəfasıdır.
- Şəhərləri və evləri abad edər.
- Səma bəlasını dəf edər.
- Vəhşi heyvanların əziyyətindən qoruyar.
- Malı şər insanlardan qoruyar.
- Şərin 70 qapısını bağlayar.
- Faydalı ticarətdir, həm dünyada və həm də axirətdə.
- Fikir narahatlığını, vəsvəsəni dəf edər.