Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 14:51
Bakı. Trend:
Görkəmli alim, Əməkdar jurnalist Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb.
Trend-in məlumatına görə, nekroloqda deyilir:
"Azərbaycan jurnalistikasına ağır itki üz vermişdir. Görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar jurnalist, Bakı Dövlət Universiteti Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Ağaməmməd oğlu Hüseynov 2019-cu il iyunun 24-də ömrünün 95-ci ilində vəfat etmişdir.
Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olmuşdur. 1940-cı ildə Şəki şəhəri Mirzə Fətəli Axundov adına 2 saylı orta məktəbi bitirmiş, 1940-1942-ci illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində oxumuşdur. O, 1945-1950-ci illərdə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində ali təhsil almışdır. Universiteti fərqlənmə diplomu ilə başa vuran Şirməmməd Hüseynov Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universiteti Jurnalistika fakültəsinin aspiranturasına daxil olmuş, 1954-cü ildə təhsilini tamamlayıb dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
1954-cü ildən indiki Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayan Şirməmməd Hüseynov həyatını universitetə bağlayaraq ömrünün sonunadək burada baş müəllim, dosent, 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976-1988-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri olmuş, 1988-ci ildən ömrünün sonunadək həmin kafedranın professoru vəzifəsində çalışmışdır.
Elmi fəaliyyətini, əsasən, Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.
Şirməmməd Hüseynov bir alim və pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti vardır.
Şirməmməd Hüseynov Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni bir məktəb səviyyəsinə yüksəltmişdir. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanmış alimin elmi kadrların yetişdirilməsində də böyük əməyi olmuşdur. Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir. Bu gün də onun tələbələri Bakı Dövlət Universitetində, eləcə də digər elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.
Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasının inkişafında uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlara layiq görülmüş, Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunmuşdur.
Görkəmli alim, pedaqoq və publisist, əsl ziyalı Şirməmməd Ağaməmməd oğlu Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Nekroloqu Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Əli Həsənov, Eldar Əzizov, Ceyhun Bayramov, Akif Əlizadə, Aslan Aslanov, Elçin Babayev, Əflatun Amaşov, Cahangir Məmmədli imzalayıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin