Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranlı ustanın nağıl dünyası - FOTO

Lənkəranlı ustanın nağıl dünyası - FOTO

Tarix: 21 Avqust 2020 23:22

Keramika sənəti ən qədim sənətkarlıq sahələrindən biridir. Bu qədim sənət növü ilə Azərbaycanda az sayda insan məşğul olur. Onlardan biri də cənub bölgəsində yeganə keramika ustası olan Tərlan Sadıqovdur.

Sonxeber.net bildirir ki, AZƏRTAC-ın əməkdaşı sənətkarın nağılabənzər emalatxanasında onunla görüşərək söhbət edib, min bir əziyyətlə yaratdığı əsərlərlə tanış olub.

Tərlan Sadıqov 1994-cü ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirəndən sonra təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib. O, rəngkarlıq sənəti üzrə təhsil almağa üstünlük versə də, müəllimlərindən biri keramika fakültəsində oxumağı məsləhət görüb və onu bu sənətə yönəldib. Tərlan Sadıqov əvvəl razı olmasa da, sonradan bu sənətdə də özünü sınamaq qərarına gəlib: "İndi həmin müəllimə "çox sağ ol" deyirəm. Rəngkarlıq və heykəltəraşlıq bir-birinə yaxın sənətlərdir. 1995-ci ildən bu sahədə fəaliyyət göstərirəm. Bu sənətə bağlanmışam".

Keramika sənəti ilə yanaşı, rəngkarlığı da öyrənən Tərlan Sadıqov işindən zövq alır. Onun sözlərinə görə, keramika sənəti heykəltəraşlığın bir profili kimidir. Yəni, həm heykəltəraşlığı, həm də rəngkarlığı biri-birində cəmləşdirir.

Ustanın kiçik emalatxanasında müxtəlif insan fiqurları, tarixi abidələr, gündəlik həyatdan götürülmüş təsvirlər görənləri heyrətləndirir. Yaratdığı əl işləri ilə daha çox vətənimizin əsrarəngiz təbiətini vəsf edən keramika ustasının emalatxanasında sərgilənən əsərlərin əksəriyyəti Lənkəranın tarixi məkanları və şəxsiyyətləri haqqındadır.

Bir əl işinin hazırlanmasına təxminən 15 gün sərf olunur. Onun əsərlərinə turistlər də böyük maraq göstərir. Usta, həmçinin ABAD-la (Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs) da əməkdaşlıq edir.

"Şükür Allaha, alıcı problemim yoxdur. Mən suvenirləri əsasən turistlərə satıram. ABAD-la işlədiyim üçün satışda çətinliyim olmur. Sağ olsunlar, sənət adamlarını tapıb üzə çıxarırlar", - deyə o bildirib.

Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbində müəllim işləyən Tərlan Sadıqov gənclərin keramika sənətinə maraq göstərmədiklərini deyir. Səbəb bu sənətin yaradıcılıqla yanaşı, texnoloji tərəfləridir. İşlədiyi məktəbdə bu sənətin tam öyrədilməsi üçün avadanlıqların olmaması ona çətinliklər yaradır. Buna baxmayaraq, hazırda evdə yaratdığı emalatxanasında şagirdlərindən birinə bu sənəti öyrədir: "Uşaqlar daha çox təsvirə meyillidirlər. Soruşuram ki, bu sənətə marağın var? Deyirlər, keramika sənəti bizə çətin görünür. Hazırda şagirdlərimdən biri bu sahəyə meyillidir. Yəqin ki, axıra qədər bu sənətlə məşğul olar. Hər şey onun özündən asılıdır".

Ustanın düzəltdiyi suvenirlər kiçik ölçüdə olsa da, qiymətləri 15 manatdan başlayır. Alıcıların böyük marağına səbəb olan suvenirlər daha çox portret janrındadır.


Etiketlər:  Lənkəranlı ustanın nağıl dünyası FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ