Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2019 14:44
"Bəhlula görə ölkə xaricindən rəsmi təklif gəlmədi. Yerli klublardan isə təklif həmişə olub. Müəyyən qədər gözlədik. Çünki özünə də demişdik ki, ona gələcək təklifləri dəyərləndirəcəyik. "Sabah" məsələyə daha real yanaşdı, biz də satmağa qərar verdik. Hər iki tərəfi qane edən məbləğ oldu".
Bu sözləri Qol.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib.
Bəhlul Mustafazadənin gedişiylə əyalət təmsilçisindən ayrılan futbolçuların sayı 9-a çatıb. Buna qədər Cavid Hüseynov, Elvin Camalov, Rauf Əliyev, Stiven Jozef-Monroz, Lalavele Atakora, Sabien Lilay, Voislav Stankoviç və İlqar Qurbanov komandanı tərk etmişdi. Dünya futbolunda dəfələrlə bu cür hadisələrin şahidi olmuşuq ki, maliyyə çətinliyi olan klubların yetirmələri, futbolçuları kömək məqsədilə doğma komandalarında qalaraq, daha az maaşa oynamağa razı olublar. Yəni, fədakarlıq ediblər. Z. Əzizov isə deyir ki, əslində gedən futbolçulara klub tərəfindən normal şərtlərlə müqavilə təklif olunub:
"Bəhlulun satılması klubun maraqlarında olan bir məsələ idi. Komandada qalsaydı belə, lazımı fədakarlığı edəcəkdi. Əslində heç fədakarlıq etməyinə də ehtiyac yox idi. Çünki ona qeyri-adi müqavilə təklif etməyəcəkdik. Sadəcə, yetirməmizə gələn təklif klubu qane etdiyi üçün belə qərar verdik. O ki qaldı komandanı tərk edən digər futbolçulara, biz öz təklifimizi etdik. Seçimi onların öhdəliyinə buraxdıq. Yenə deyirəm, hər hansı fədakarlığa ehtiyac yox idi. Kifayət qədər normal müqavilə şərtləri və məbləğ təklif etmişdik. Seçimi isə onlar etdilər".