Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevin Türkiyəyə dəstəyi bu ölkənin KİV-lərinin manşet xəbərinə çevrilib - FOTO

Prezident İlham Əliyevin Türkiyəyə dəstəyi bu ölkənin KİV-lərinin manşet xəbərinə çevrilib - FOTO

Tarix: 3 Sentyabr 2020 14:39

Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın Azərbaycandakı yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkənin kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Anadolu və İHA agentlikləri, TRT HABER, CNN TÜRK, A HABER, TGRT HABER televiziya kanalları, "Milliyet", "Hürriyet", "Sözcu", "Takvim", "Star" və digər qəzetlər "Azərbaycan Prezidenti Əliyevdən Türkiyəyə dəstək", "Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi: tərəddüdsüz dəstəkləyirik!", "Prezident Əliyev yunan səfirin üzünə söylədi: Aralıq dənizində Türkiyəni tərəddüdsüz dəstəkləyirik", "Nazir Çavuşoğludan Azərbaycan Prezidenti Əliyevə Şərqi Aralıq dənizi ilə bağlı təşəkkür", "Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi", "Azərbaycan Prezidenti İlham Əliyevdən Şərqi Aralıq dənizi mesajı: Türkiyəni tərəddüdsüz dəstəkləyirik" və digər sərlövhəli xəbərlərlə türkdilli oxucuları mövzu ilə bağlı məlumatlandırıblar.

"Ermənistan ilə hərbi əməkdaşlıq Azərbaycana qarşı ciddi təhdiddir", "Bütün hallarda Türkiyəni dəstəkləyirik" kimi alt başlıqların yer aldığı materiallarda Prezident İlham Əliyevin aşağıdakı fikirləri diqqətə çatdırılır: "Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq. Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik".

TRT HABER, A HABER və digər televiziya kanalları xəbər buraxılışlarında mövzu ilə bağlı xüsusi reportajlar yayıblar. Bu reportajlarda tarixi köklərə bağlanan Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışılıb, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini tərənnüm edən, eləcə də iki ölkənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrlə bağlı mərasimlərə dair kadrlar nümayiş olunub.

Qeyd edək ki, Türkiyənin yüksək səviyyəli rəsmiləri dövlətimizin başçısına bu dəstəyə görə minnətdarlıq ediblər. Xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsindəki paylaşımında deyir: "Çox təşəkkür edirəm cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq". Nazir, həmçinin ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını qeyd edərək dövlət bayraqlarımızın qoşa təsvirini paylaşıb.

Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın isə "Twitter" səhifəsində "Bir millət, iki dövlət, bütün dünyaya örnək" paylaşımını edib.


Etiketlər:  Prezident İlham Əliyevin Türkiyəyə dəstəyi ölkənin KİV lərinin manşet xəbərinə çevrilib FOTO


RƏYLƏR