Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 08:28
"Intel" şirkəti yeni nəsil prosessorlar təqdim edib. "Tiger Lake" adlı çiplər 10 nanometrlik texnoloji proses əsasında hazırlanıb və quraşdırılmış qrafik sistemə malikdirlər. Bu barədə şirkətin saytında deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Intel Tiger Lake" prosessorları 10 nanometrlik "SuperFin" texnoloji prosesi və "Willow Cove" arxitekturası əsasında işlənilib. "Willow Cove" nüvələri məhsuldarlığın artırılması üçün emal edilmiş mikrosxem dərəcəsinə malikdirlər. Model "LPDDR4X-4266/DDR4-3200" yaddaşı ilə işi dəstəkləyir və quraşdırılmış "Thunderbolt 4" və "PCI Express 4.0" interfeyslərinə malikdir.
Şirkət nümayəndələri oyunlarda "Full HD" təsvir ölçüsünü təmin edən quraşdırılmış "Iris Xe" qrafik sisteminə də diqqət yetiriblər. Qrafik modul maksimal "8K" təsvir ölçülü görüntünü saniyədə 60 kadr tezliyində göstərir. Şirkət nümayəndələrinin sözlərinə görə, "Iris Xe" modulu yalnız "Intel Core i5" və "i7" prosessorlarında mövcuddur. Prosessorun ümumi məhsuldarlığı 10-cu nəsil "Ice Lake" çipləri ilə müqayisədə 17-18 faiz artıb.
Məlumata görə, yeni çiplər nazik və yüngül noutbuklar üçün dünyada ən yaxşı prosessorlardır. "Tiger Lake" ofis proqramları üçün rəqib məhsullarla müqayisədə 20 faiz, oyunlarda isə 2 dəfə məhsuldarlıq artımını təmin edir. Artıq "Acer", "Asus", "Dell", "Dynabook", "HP", "Lenovo" və digər şirkətlərlə yeni "Intel" avadanlığı əsasında noutbukların buraxılışı ilə bağlı razılıq əldə olunub.
Yeni prosessorların satışa çıxarılma müddəti barədə məlumat verilmir. Şirkət təmsilçilərinin sözlərinə görə, "Tiger Lake" çipləri əvvəlcə kompakt noutbuklara quraşdırılacaq.