Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 14:56
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Bakıətrafı kənd və qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni layihələr həyata keçirilir. Abşeron rayonunun Qobu qəsəbəsinin və ətraf yaşayış massivlərinin, eləcə də Qobu Park Məcburi köçkün şəhərciyinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə yeni anbarların tikintisi yekunlaşmaq üzrədir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Qobu qəsəbəsinin böyük bir hissəsində içməli su şəbəkəsi yaradılsa da paylayıcı anbar olmadığından qəsəbəyə verilən suyun tənzimlənməsində çətinliklər yaranırdı. Bunlar nəzərə alınaraq Qobu qəsəbəsində relyef baxımından yüksək ərazidə ümumi tutumu 10000 kubmetr olan 4 su anbarının inşası layihələndirilib. İlkin mərhələdə hər birinin tutumu 2500 kubmetr olan 2 anbar inşa edilib. Hazırda həmin anbarlarda son tamamlama işləri aparılır. Növbəti mərhələdə ümumi tutumu 5000 kubmetr olan daha 2 anbarın inşası nəzərdə tutulur.
Yeni tikilən anbarlar Oğuz-Qəbələ-Bakı magistral su kəmərindən ayrılan 280 mm diametrli xətdən qidalanacaq. Bu xətdə suyun təzyiqi yüksək olduğundan məcburi köçkünlərin yaşadığı Qobu Park yaşayış massivini qidalandıran magistral kəmər üzərində hər birinin tutumu 50 kubmetr olan tənzimləyici çənlər də inşa edilib. Yeni yaradılan su təchizatı sistemləri Qobu qəsəbəsi və Qobu Park yaşayış kompleksinin paylayıcı su şəbəkələrində sabit hidravlik rejimləri təmin etməklə əhalinin içməli su təminatında dayanıqlığa imkan verəcək.
Qeyd edək ki, cari ilin may ayında Qobu Park yaşayış kompleksinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 225 mm diametrli borularla 5,4 km uzunluğunda magistral su kəməri çəkilərək yaşayış kompleksinin anbarlarına birləşdirilib. Bununla da kompleksə Kür-Bakı magistral su kəməri ilə yanaşı, Oğuz-Qəbələ-Bakı su xətti hesabına içməli suyun verilməsi təmin olunub.