Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: ''Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilir''

Deputat: ''Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilir''

Tarix: 17 Sentyabr 2020 16:27

"Biz daxili tələbatı mümkün qədər yerli məhsullar hesabına təmin etməliyik". Cənab Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışı zamanı səsləndirdiyi bu fikir hazırda qeyri-neft sənayemiz qarşısında duran vacib çağırışdır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Emin Hacıyev deyib.

Deputat bildirib ki, son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsinə, neftdən kənar sahələrin, xüsusən qeyri-neft sənayesinin inkişafına nail olmaqdır:

"Məqsəd daxili tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır.

Cənab Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyasının əsas tərkib hissəsi olan sənayeləşmə siyasəti müsbət nəticələr verir. Artıq ölkəmizdə rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələr icra edilib, xeyli iş yerləri açılıb, sənayemiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün qeyri-neft sənayesinin inkişafında sənaye parkları mühüm rol oynayır.

Belə irimiqyaslı layihələrdən olan Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə cənab Prezidentin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan, 508 hektar ərazidə yaradılan müəssisədə hazırda 24 rezident var. Burada müxtəlif çeşiddə kimya sənayesi, maşınqayırma, еlеktrоеnеrgеtikа, metallurgiya, yüngül sənaye, qablaşdırma məhsulları, həmçinin tikinti materialları istehsal olunur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 9,3 faiz olub, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracının 20 faizini təşkil edib".

Deputat vurğulayıb ki, burada investisiya yatırımı üçün olduqca cəlbedici şərait təmin olunub:

"Belə ki, Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən azad olunur. Həmçinin rezidentlər istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı zamanı Əlavə Dəyər Vergisindən və 7 il müddətinə gömrük rüsumlarından azaddır. Sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılması isə sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltməsinə imkan verir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 2,9 milyard dollar həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon dollardan çox investisiyanın yatırılması planlaşdırılır. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 5500-dən çox insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının daha da artırılması nəzərdə tutulur.

Azərbaycan Prezidentinin iqtisadi siyasəti, sənayeləşmə, sənaye mərkəzlərinin yaradılması ölkəmizin yerli sənaye məhsullarına daxili tələbatının təmin edilməsi ilə yanaşı ixrac potensialını yüksəldir. Bütün bu potensial onu deməyə əsas verir ki, artıq Azərbaycan regionun enerji və nəqliyyat mərkəzindən əlavə, həm də güclü sənaye mərkəzinə çevrilir.

Ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın inkişafı ilə bağlı atılan addımlar şübhəsiz ki, xarici investorların Azərbaycana marağının artmasına səbəb olur. Həmçinin müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə etmiş həmyerlilərimizi öz vətənlərinə investisiya yatırmağa təşviq edir. Bütün bunlarla yanaşı, hazırda dünyada yaşanan pandemiya şəraiti bu istiqamətdə bizdən çevik fəaliyyət tələb edir. Cənab Prezidentin dediyi kimi, "Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq".


Etiketlər:  Deputat Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ