Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 13:28
Bakı. Trend:
EY Azərbaycan şirkəti növbəti “EY İlin İş Adamı™” proqramına start verdiyini elan etdi. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları artıq öz ərizələrini proqramın komitəsinə təqdim edə bilərlər. EY şirkəti tərəfindən təsis olunan müsabiqə dünyada biznes mükafatı təqdim edən ən nüfuzlu proqramdır.
Təsisçilər, səhmdarlar və müəssisə rəhbərləri fəaliyyət sahəsindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 21 noyabr 2020-ci ilədək təqdim etməyə dəvət olunurlar.
EY Azərbaycan şirkətinin ölkə üzrə idarəedici partnyoru və milli “EY İlin İş Adamı” müsabiqəsinin rəhbəri İlqar Vəliyev bildirib: “Mən şadam ki, biz “EY İlin İş Adamı” proqramını ölkəmizdə artıq ikinci dəfə elan edirik. Bu il biz bu çətin dövrdə davamlılıq və əzmkarlıq nümayiş etdirən və ətrafındakı icmaların həyatlarını yaxşılaşdırmaqda davam edən kiçik və orta müəssisələrə diqqətimizi yönəltdik."
"Milli müsabiqənin qalibi "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı əldə edəcəkdir. Bu, istedadlı sahibkarlarımızı qlobal miqyasda diqqət mərkəzinə gətirmək üçün əla bir fürsət olacaq" – deyə o, əlavə etdi.
Kim iştirak edə bilər?
Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Son iki il ərzində şirkətin 300 min manatdan 30 milyon manatadək dövriyyəsi olmalıdır. Uyğunluq meyarları və proqramla bağlı ətraflı məlumatla proqramın rəsmi saytında https://www.eoy.az tanış ola bilərsiniz.
Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək.
Sponsorlar
2020-2021 il “EY İlin İş Adamı” müsabiqəsinə maliyyə dəstəyini Azərbaycan Beynəlxalq Bankı və BP şirkəti göstərir.