Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 21:00
Bakı. Elnur Bağışov - Trend:
Azərbaycan və İranın dəmiryollarının potensiallarından maksimum şəkildə istifadə olunarsa, iki ölkə arasında ticarət əməkdaşlığını maksimum səviyyəyə çatdırmaq olar.
Bunu Trend-ə açıqlamasında İran və Azərbaycanın birgə ticarət palatasının iranlı üzvü, İranın Ölkədən Kənar Kənd Təsərrüfatı Assosiasiyasının rəyasət heyətinin rəhbəri (Cross Country Agriculture Association of IRI) Əli Rezvanizadə deyib.
Ə.Rezvanizadənin sözlərinə görə, Azərbaycan rəsmiləri, dəmiryolları rəsmiləri iki ölkə arasında dəmir yollarından istifadə etməklə tranzitin artırılmasına böyük maraq göstərirlər.
Rezvanizadə əlavə edib ki, müəyyən fəsildə, qışda dəniz xətti ilə məhsul tranzitinin qiyməti bir neçə dəfə artsa da, dəmiryolu tranzitindən istifadəyə maraq azdır. Bu istiqamətdə iki tərəfin əməkdaşlığı dəmiryol tranzitindən istifadəyə marağı artıra bilər.
“Məhsul tranzitində problemlərdən biri elektron sistemin olmamasıdır. Mən iranlı iş adamı olaraq Azərbaycanda bir şirkəti yaradaraq yük qatarlarının naviqasiya sistemi ilə təchiz olunması sahəsində addımlar atmağa və bu naviqasiya sistemini Azərbaycanın Dəmiryolları QSC-nin ixtiyarına verməyə hazıram. Beləliklə iş adamları öz məhsullarının harada olduqlarını biləcəklər” –deyə o qeyd edib.
Ticarət palatasının üzvü bildirib ki, hazırda Astara dəmiryol terminalı vasitəsi ilə gündəlik təxminən 2 min ton məhsul 35 vaqonla İrana daxil olur. Gündəlik 600-700 ton yük İrandan ixrac olunur. Təxminən ötən iki il ərzində bu dəmiryolu terminalında 2 milyon tondan az məhsul yüklənib-boşaldılıb.
“Terminalla əlaqədar nəzərdə tutulan planlar gerçəkləşərsə, ildə 5 milyon ton məhsulun bu terminalda yüklənib-boşaldılması mümkündür” –deyə o qeyd edib.
Rezvanizadə deyib ki, İran ildə 2 milyon ton yağ idxal edir. Bunun əsas hissəsi İranın cənubundan idxal olunur. Rusiyanın yağ ixracı sahəsində əsas ölkələrdən birini nəzərə alaraq, İran bu ölkədən də yağ idxal edir. Hazırda yağın əsas hissəsi dəniz xətti ilə idxal olunur. Halbuki bunun dəmiryolu vasitəsi ilə həyata keçirilməsi mümkündür.
Qeyd edək ki, İranın Ölkədən Kənar Kənd Təsərrüfatı Assosiasiyasının 16 ölkədə fəaliyyəti var. Bu assosiasiyanın üzvləri Azərbaycanda da fəaliyyət göstərirlər.