Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 10:48
Hər şey Tovuz döyüşlərindəki ağır məğlubiyyət ilə başladı. Düşmən qoşunlar arasındakı fərqi iyul döyüşlərində aşkar gördü.
4 avqustda Beyrut limanı yaxınlığında güclü partlayış isə, sanki, Ermənistana yeni şans yaratdı. ASALA terror təşkilatının qərargah mənzili Livanda yerləşdiyindən rəsmi İrəvan orada yaşayan erməniləri növbəti təhlükədən xilas etmək adı ilə Dağlıq Qarabağa və ətraf rayonlara köçürmək üçün fürsət qazandı. Bu azmış kimi son aylarda ASALA-nın və PKK-nın xüsusi təlim keçmiş terrorçularını Azərbaycan torpaqlarına gətirən ermənilərin marşrutu da faktlarla təsdiqini tapdı. Ermənistanın xüsusi xidmət orqanları Suriya və Livanda yaşayan ermənilərin Dağlıq Qarabağa, habelə işğal altında olan digər Azərbaycan ərazilərinə köçürülməsini indi də davam etdirirlər.
Eyni anda iki istəyini - işğal etdikləri Azərbaycan torpaqlarında demoqrafik vəziyyəti xeyirlərinə dəyişmək və son Tovuz döyüşlərində də açıq-aydın sezilən əsgər fərqini aradan qaldırmaq arzusunu reallaşdırmağa çalışan Paşinyan hakimiyyəti Azərbaycanın onların bu planları barədə bütün faktlara çatdığını görüncə absurd, destruktiv, iftiraçı təfəkkürünü işə salmaq məcburiyyətində qaldı.
Müharibə hazırlıqlarını bir dəqiqə də olsun dayandırmayan Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu açıqladı. Amma düşmən çox hiyləgər olduğunu hər məqamda hiss etdirir.
Belə ki, ermənilər davamlı şəkildə Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə dezinformasiya yayırlar. Azərbaycan dövlətinin Livan, Suriya, Fələstin və s. Yaxın Şərq ölkəkərindən Dağlıq Qarabağa və ətraf rayonlara rəsmi İrəvanın köç siyasəti ilə bağlı xəbərdarlıqlarının nəticəsiz qaldığını görən Paşinyan hakimiyyəti eyni məsələ üzərində Azərbaycana oyun qurmağa çalışdı. Havadarlarının yaratdığı fürsətdən maksimum yararlanmağa çalışan düşmən işğal etdikləri torpaqlarda həyata keçirdikləri köçürmə prosesinə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların səssiz qaldığını görüncə, Azərbaycana iftira atmağa başladılar. Son bir neçə gündür ermənilər davamlı şəkildə Suriyadan Azərbaycana döyüşçülərin gəldiyi barədə dezinformasiyalar yayırlar.
Yalan ayaq tutar, yeriməz
Ermənistan və Rusiya mediasında "Suriyadan Azərbaycana 300 yaraqlı göndərilib" başlığı altında bu dezinformasiya yayıldı. Düşmən dərhal ən güclü silahını işə saldı. O dəqiqə sosial şəbəkələrdə ermənilər və onlara "rəğbət"də olanlar bu yalan məlumatı paylaşaraq sürətli şəkildə yaymağa başladılar.
Seyf Əbu Bəkir
Məlumatda Suriyadan Azərbaycana göndərilənlərin Həmzə diviziyasının döyüşçüləri olduğu qeyd edildi. Lakin ermənilərin bu iftiraçı planları da suya düşdü. Suriya Milli Ordusunun tərkibindəki Həmzə Diviziyasının Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Seyf Əbu Bəkir şəxsən bəyan etdi ki, iddialar ağ yalandır, "Həmzə"dən kimsə Azərbaycana getməyib, göndərilməyib və belə xəbərlər "sarsaq uydurma"lardır.
Çox çəkmədi, ardınca məşhur türkiyəli araşdırmaçı jurnalist Levent Kemal da Seyf Əbu Bəkirin sözlərini faktlarla təsdiq etdi. Levent də ermənilərin bu iddialarının ağ yalan olduğunu və Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi güddüyünü bildirib. Türk ordusuna yaxın mənbələr də bunu inkar edirlər.
Levent Kemal
Belə aydın olur ki, düşmən düşündüyümüz qədər zəif deyil. Qarşımızda hər fürsətdən yararlanmağa, bizə, nüfuzumuza hər imkanda zərbə vurmağa çalışan hiyləgər, iftiraçı düşmən var.
Təhməz Əsədov