Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 07:06
TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi gərginlikdən narahatlığını ifadə edərək, çoxsaylı itkilərlə nəticələnən Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qınayır.
Trend xəbər verir ki, bu fikir TÜRKPA Baş katibinin Dağlıq Qarabağ bölgəsindəki hərbi gərginliklə bağlı bəyanatında yer alıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Parlament Assambleyası öz bəyannamələrində (2015-ci il Astana, 2017-ci il Ala-Arça, 2018-ci il İzmir və 2019-cu il Bakı bəyannamələri) də əks olunduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında qısa zamanda həllini qətiyyətli şəkildə dəstəkləyir.
Eyni zamanda, Baş katib Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən danışıqlar prosesinə xələl gətirəcək hər hansı təhrikedici bəyanat və addımların qəbuledilməzliyini vurğulayır.
Baş katib mülki şəxslərin həyatlarını itirməsi ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığını bildirir və yaralananlara şəfa diləyir.