Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 17:18
Bakı. İlhamə İsabalayeva - Trend:
Yoluxucu xəstəliklərin azaldılması üçün övladlarımıza birinci sinifdən “Şəxsi gigiyena qaydaları” bir fənn kimi, özü də vacib sahə kimi tədris edilməlidir.
Bunu Trend-ə Yoluxucu Xəstəliklərlə Mübarizə İctimai Birliyinin sədri, həkim Fikrət Xəlilov deyib.
Onun sözlərinə görə, yoluxucu xəstəliklər erasının hələ tezliklə bitməyəcəyi gözlənilir, buna görə də bəzi yeni profilaktik tədbirlərin görülməsi çox vacibdir.
Ekspert qeyd edib ki, COVİD -19-a yoluxmanın əsas səbəblərindən biri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl olunmamasıdır:
"Həqiqətən də KİV-lərdə neçə vaxtdan bəri bu istiqamətdə müntəzəm təbliğat işlərinin aparılmasına baxmayaraq, vətəndaşlarımızın əksəriyyəti bu tövsiyələri, əgər belə demək mümkünsə, qulaqardına vurur. Açığı, bu haqda düşünməyə və nəticə çıxarmağa dəyər. Mənim təcrübəli bir həkim kimi etdiyim tövsiyələr əsas etibarı ilə şəxsi gigiyena qaydalarına aiddir. Öncə onu demək istərdim ki, COVİD-19 olmadığı halda da şəxsi gigiyena qaydalarına əməl etmək vacibdir. Hesab edirəm ki, övladlarımıza birinci sinifdən “Şəxsi gigiyena qaydaları” bir fənn kimi, özü də vacib fənn kimi tədris edilməlidir. Məncə, bu məsələ böyük ictimai əhəmiyyət daşıyır".