Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2020 21:42
Qəbizlik çoxlarının mütəmadi olaraq əziyyət çəkdiyi problemdir. Bu problem xroniki hala gəldikdə insanın həyat keyfiyyətləri azalmağa başlayır. Qəbizliyin bir çox səbəbləri ola bilər. Buraya bağırsaq şişləri, hormonal xəstəliklər, istifadə olunan dərmanlar, maye çatışmazlığı, əzələ və sinir sistemi xəstəlikləri və s. də aiddir.
Sonxeber.net e-tibb.az-a istinadən qəbizlikdən əziyyət çəkənlər üçün mütəxəssislərin 10 tövsiyəsini təqdim edir:
1. Gündəlik qəbul etdiyiniz maye miqdarını artırın. Çox quru qidalanma qəbizliyin ən vacib səbəbidir.
2. Liflə zəngin qidalar qəbizliyin qarşısını alır. Meyvə və tərəvəzlər zəngin lif mənbəyidir.
3. Uzun müddətli ac qalmaqdan çəkinin. Tez-tez aralıqlarla az miqdarda yemək qəbizliyin qarşısını alır.
4. Bağırsaq hərəkətlərinin ən sıx olduğu səhər saatlarında və yeməkdən sonra tualetıə getməyi vərdiş halına gətirin.
5. Nəcis ifrazı hiss etdiyiniz zaman tualetə gedin, defekasiyanın təxirə salınması xroniki qəbizliyin əsas səbəblərindən biridir.
6. İdman və gimnastika vacibdir. Aktivsinizsə, bağırsaqlarınız da hərəkətli olacaq. Həftənin ən azı 3 günü yarım saat gəzmək bağırsaqları tənzimləməyə kömək edir.
7. Həkimlə məsləhətləşmədən uzun müddət içilən dərmanlar bağırsaqları tənbəlləşdirir. Həkim rəyi olmadan dərmanların istifadəsindən çəkinin.
8. Hər gün bir ovuc gavalı və ya səhər bir fincan qəhvə bağırsaqların işləməsinə kömək edir.
9. Hemoroid və anusdakı çatlar da xroniki qəbizliyə səbəb ola bilər. Anusda qaşınma, qanaxma və ya ağrı şikayətləri varsa, həkimə müraciət edin.
10. Qəbizlik şikayətləri 6 aydan az müddətdə varsa, yaşınız 50-dən çoxdursa, eyni zamanda anemiya, rektal qanaxma və ya arıqlama varsa, mütləq qastroenteroloqa müraciət edin və kolonoskopiya etdirin.