Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 11:18
“Nokia”, “Elisa” və “Qualcomm Technologies” şirkətləri kommersiya beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) yeni sürət rekorduna imza atıblar. Eksperiment Finlandiyanın paytaxtı Helsinkidə “Elisa” operatorunun şəbəkəsində keçirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkətlər iki qurğuya xidmətin göstərilməsi zamanı 8 Qbit/saniyəyədək ümumi məlumat ötürmə sürətini nümayiş etdiriblər. Bu, keyfiyyət baxımından yeni videoservislər, virtual və əlavə reallıq platformaları, korporativ dərəcəli sistemlərin kommersiya istifadəsinə verilməsi üçün yollar açır.
Eksperiment zamanı “Nokia AirScale” aparat həlləri və “Qualcomm Snapdragon X55 5G” modemi və “Qualcomm QTM525” antena modulları ilə təchiz edilmiş smartfon forum faktorunda test müştəri terminalları istifadə edilib. Məlumatların ötürülməsi üçün millimetrlik diapazon tətbiq olunub. Nəticədə hər iki qoşulmuş terminal üçün baza stansiyasından abunəçi tərəfinə 4 Qbit/saniyə səviyyəsində pik məlumat ötürmə sürəti nümayiş olunub.
Bildirilir ki, bu uğur kommersiya “5G” xidmətlərinin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Sınaqdan keçirilən texnologiyaların faktiki tətbiqinə 2021-ci ildə başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev