Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 17:30
Azərbaycan dövlətinin ötən illər ərzində xarici siyasətinin ən mühüm hədəflərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv beynəlxalq ictimai rəyin formalaşdırılması olub. Vətən müharibəsinin gedişində baş verən proseslər göstərdi ki, biz bu hədəfə nail olmuşuq.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Deputat bildirb ki, sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları dövründə Ermənistanın demək olar ki, təcrid olunmuş vəziyyətə düşməsi məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasının məntiqi nəticəsi idi.
O qeyd edb ki, bəzi aparıcı ölkələrin, xüsusilə Avropa dövlətlərinin bir neçəsinin Azərbaycana qarşı daim qərəzli münasibətinə, ermənipərəst siyasət yürütməsinə baxmayaraq, bütün dünya Dağlıq Qarabağ bölgəsinin beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsi olması faktını qəbul edir:
"Təsadüfi deyil ki, ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, daim Ermənistan təəssübkeşi kimi çıxış edən Fransa da bu faktı etiraf etmək məcburiyyətində qaldı. Heç şübhəsiz ki, bu, Azərbaycanın apardığı ardıcıl siyasətin nəticəsində mümkün olmuşdu. Cənab Prezident bütün xarici səfərlərində, rəsmi görüşlərində, beynəlxalq səviyyəli tədbirlərdə çıxışları zamanı Dağlıq Qarabağın tarixi faktlara və beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olduğunu xüsusi olara qeyd edirdi. Beynəlxalq təşkilatlar çərçivəsində də bu istiqamətdə davamlı iş aparılırdı".
Deputat xatırladıb ki, ötən müddətdə BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın bu mövqeyini təsdiq edən sənədlər qəbul olunub ki, bu da Azərbaycanın ədalətli mövqeyinin dünya tərəfindən etiraf edilməsi demək idi".
R.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörənliyi, müdrikcəsinə həyata keçirdiyi siyasət Azərbaycanın dünyada etibarlı dövlət imicinin formalaşmasında həlledici rol oynayıb:
"Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerinin möhkəmləndirməyə nail olub. Eyni zamanda, erməni lobbisi və diasporunun uzun illər ərzində Dağlıq Qarabağ mövzusu ətrafında formalaşdırdığı mif dağıdılıb.
Azərbaycan həm informasiya müharibəsində, həm beynəlxalq ictimai rəyin formalaşdırılmasında, həm də qlobal güclərin regionda maraqlarının uzlaşdırılmasında, daha dəqiq ifadə etsək, bu maraqların Azərbaycanın milli mənafelərinə mümkün mənfi təsirlərinin neytrallaşdırılmasında çox ciddi uğurlar qazandı. Şübhəsiz ki, müharibədə ölkənin iqtisadi və hərbi potensialı mühüm amillərdir. Lakin geosiyasi şərait digər amillərdən heç də az əhəmiyyət kəsb etmir. Bu mənada, hesab edirəm ki, cənab Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycan bütün bu amillərin harmoniyasına yarada, tarixi situasiyanı, geosiyasi, hərbi, iqtisadi reallıqları düzgün qiymətləndirə bildi".
Deputat Azərbaycanın Vətən müharibəsində qələbəsinin məhz bu amillər sayəsində mümkün olduğunu vurğulayıb.