Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 09:51
ABŞ-ın “IBM” korporasiyası Avropadakı bölmələrində təxminən 10 min əməkdaşını ixtisar etmək niyyətindədir. Bu, korporasiyanın Avropadakı bütün heyətinin təxminən 20%-i deməkdir. Bu haqda şirkətin planları ilə tanış olan mənbələrə istinadən “Bloomberg” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, ixtisarların əksəriyyəti “IBM” korporasiyasının Böyük Britaniya və Almaniyada yerləşən ofislərində həyata keçiriləcək, amma Polşa, İtaliya, Slovakiya və Belçikada da ixtisarlar gözlənilir. Məlumat mərkəzləri və müştərilərə texniki dəstək xidmətinin işçilərinin şirkəti tərk edəcəyi gözlənilir. Məlumata görə, heyətin ixtisarı üzrə plan 2021-ci ilin birinci yarısında icra ediləcək.
İxtisar şirkətə öz xərclərini azaltmağa, həmçinin daha əvvəl elan edilmiş biznesin strukturunun dəyişdirilməsinə hazırlaşmağa kömək etməlidir. “IBM” korporasiyasının nümayəndəsi oktyabrda şirkətin bulud texnologiyaları və süni intellektlə məşğul olan yeni bölməni inkişaf etdirmək niyyətində olduğunu bildirmişdi. Bu bölmənin şirkəti yenidən gəlirliliyə geri qaytaracağına ümidlər çoxdur.
Qeyd edək ki, “IBM” korporasiyası artıq uzun müddətdir ki çətin vəziyyətdədir və bulud xidmətləri sahəsi daxil olmaqla müxtəlif sahələrdə rəqiblərinə uduzur. Bu il “IBM” artıq ixtisarlar həyata keçirib, lakin şirkətdən ixtisar edilmiş əməkdaşların sayı dəqiqləşdirilməyib.
Emil Hüseynov