Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 04:30
Koreya Respublikası gələn il 44 milyon insan üçün koronavirusa qarşı peyvənd tədarükü üzrə müqavilə imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Koreya Respublikasının Səhiyyə naziri Pak Nın Hu jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
Hökumət 34 milyon insanın vaksinasiyasına dair "AstraZeneca Plc", "Pfizer Inc", "Moderna Inc" və "Johnson & Johnson's Janssen" kompaniyaları ilə razılığa gəlib. Həmçinin 10 milyon insan üçün peyvənd dozaları Ümumdünya Səhiyyə Təşkilatının qlobal vaksinasiya layihəsi çərçivəsində əldə ediləcək.
"Biz ilkin olaraq 30 milyon insanı vaksinlə təmin etməyi planlaşdırsaq da, sonradan onların uğuru barədə qeyri-müəyyənlik və alışla bağlı güclü rəqabət səbəbindən daha çox preparat almaq qərarına gəldik", - deyə nazir bildirib. Onun sözlərinə görə, vaksinin ölkəyə çatdırılması mart ayından gec olmayaraq başlayacaq. Bu müddət ərzində hökumət preparatın tətbiqinin təhlükəsizliyini təmin etmək üçün onun başqa ölkələrdə təsirini müşahidə edəcək. Kütləvi vaksinasiya isə çox güman ki, gələn ilin ikinci yarısında start götürəcək.
Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, Cənubi Koreyada indiyə qədər koronavirusa yoluxanların sayı 38 min 755 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 552 nəfərə çatıb.