Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 21:16
Almaniyada koronavirusun yayılması ilə bağlı vəziyyətin son dərəcə mürəkkəbləşməsi səbəbindən dekabrın 16-dan başlayaraq ölkə tarixində ən sərt məhdudiyyətlər rejimi tətbiq ediləcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer televiziya müraciəti zamanı deyib.
"Əziz həmvətənlərim, irəliləyişə ümid edirdik. Lakin virus əvvəlki kimi bizi nəzarət altında saxlayır. Bu səbəbdən dekabrın 16-dan başlayaraq ictimai və şəxsi həyatımız Almaniya tarixində ən sərt məhdudiyyətlərə məruz qalacaq. Vəziyyət dəhşətlidir. Həftə ərzində mindən çox ölüm və virusun nəzarətdən çıxma təhdidi - radikal tədbirlərdən yayına bilmərik", - deyə dövlət başçısı bildirib.
Bir qədər əvvəl Almaniya kansleri Angela Merkel və federal əyalətlərin rəhbərləri ölkədə ümummilli məhdudiyyətlərin tətbiq olunması barədə razılığa gəliblər. Dekabrın 16-dan başlayaraq ölkədə ərzaq mağazalar və apteklər istisna olmaqla, bütün ticarət nöqtələri bağlanacaq. Pirotexniki avadanlıqların satışına qadağa qoyulacaq, spirtli içkilərin küçə satışları dayandırılacaq, insanların bir yerə beş nəfərdən çox yığışmasına icazə verilməyəcək. Həmçinin xəstəliyin sürətlə artacağı təqdirdə həmin tədbirlər bir qədər də sərtləşdiriləcək.
Qeyd edək ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyə qədər dünyada koronavirusa 72 milyon 734 mindən çox yoluxma və 1 milyon 620 mindən çox ölüm faktı qeydə alınıb.
Almaniyada isə ötən sutka 17 min 891 nəfər koronavirusa yoluxub və bununla da yoluxanların ümumi sayı 1 milyon 338 min 483 nəfərə çatıb. Həmçinin COVID-19 infeksiyası səbəbindən 22 min 400-dən çox almaniyalı vəfat edib.