Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2025 16:25
Teleaparıcı Vüsalə Əlizadə qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, o, aparıcısı olduğu verilişdə müğənni Türkan Vəlizadənin "bostanını daşlayıb".
Buna səbəb isə ifaçının meyxanaçılarla ilə birgə efirə çıxmaq istəməməsi olub:
"Mahnılarınız yazıldı, klipləriniz çəkildi, kimlərsə tərəfindən, necəsə... Bəzənib-düzənib efirə çıxdınız. Elə bilirsiniz, sizləri toylar yaşatdı, yox, bu, belə deyil. Televiziyaların burada çox əməyi var. Bu gün bizim sizin üzərinizdə haqqımız var. Sizi bu yerlərə gətirən, tanıdan biz - aparıcılar, efir olmuşuq. Çünki mən bu gün sənin hansısa mahnını təqdim edib, sənə məşhurluq qazandırmasaydım, efirə tərifnamələr deyib gətirməsəydim, zaman ayrımasaydım, bu gün sən olmazdın. 3 mahnının yutubda izlənməsi ilə iş olmur. Bu gün sosial şəbəkələr var, o vaxt yox idi. Zamanında efirə çıxıb indi sənətkar olanlar belə deyirlər ki, bu, sizin sayənizdə olub. Heç onlar belə ədalı danışıb, özlərindən razılıq etmirlər.
Dəyişmək gözəldir, mən də bunu edirəm. Haqqında ən gözəl verilişləri, proqramları hazırlamışam. Xətrini çox istəyirəm, hörmətim var, bugünkü dəyişiminin də bir səbəbkarı mənəm. Bəlkə danar, bəlkə də yox. Türkan Vəlizadə, səni çox istəyirəm, amma bu gün "meyxanaçılarla bir efirə çıxmıram" sözü səni hörmətli etmir. Sən işini gözəl təqdim et, amma bu qazandan çörək yemisən. Sən bir meyxanaçı ilə ifanla tanınıb sevilmisən, pul qazanmısan, Türkan Vəlizadə olmusan. Meyxana sənəti Azərbaycan mədəniyyətinin, ədəbiyyatının bir növüdür.
Bu gün dövlətimiz, rəsmi qurumlar tədbirlərdə bu sahəni dəstəkləyirsə, heç kim heç kimdən nə yuxarı, nə aşağıdır. Özəlliklə də buradan çörək yediyin halda. Bu, mənə, televiziyaya və çörək qazandığın meyxana aləminə hörmətsizlikdir".