Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT rəhbəri: COVID-19-u ''vaksin millətçiliyi'' mövqeyindən çıxış edərək məğlub edə bilmərik

BMT rəhbəri: COVID-19-u ''vaksin millətçiliyi'' mövqeyindən çıxış edərək məğlub edə bilmərik

Tarix: 18 Dekabr 2020 21:32

Əgər bəşəriyyət COVID-19-un sürətli yayılmasının qarşısını ala bilməsə, virus mutasiya edə bilər və hazırda effektiv olan vaksinlər təsir etməyə bilər.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Berlində jurnalistlərlə görüşdə bildirib. O, əhalisinin sayından dəfələrlə çox sayda koronavirus əleyhinə vaksinləri əldə edən ölkələri tənqid edib.

Yeni koronavirusa qarşı vaksinin paylanması ilə bağlı suala cavab verərək, Antonio Quterreş inkişaf etməkdə olan dövlətlərə yardım əli uzatmağa, onların da effektiv vaksinin və kifayət qədər əldə etmələri üçün bütün zəruri tədbirləri görməyə çağırıb.

"Gəlin unutmayaq ki, xəstəlik aradan qaldırılmasa, virus mutasiya edə bilər və müəyyən bir müddət təsirli olan vaksinlər effektivliyini itirər... Buna görə peyvəndin hər kəs tərəfindən və hər yerdə istifadə oluna biləcəyi, hamı üçün və hər yerdə dəyəri baxımından əlverişli olduğu üçün əlimizdən gələni etməliyik", - deyə Baş katib bildirib.

Bu məsələnin həlli üçün BMT rəhbəri COVAX layihələrinə vəsait ayırmağı və "vaksin millətçiliyindən" imtina etməyi təklif edib.

"Birincisi, COVAX-ın tamamilə maliyyələşdirilməsi tələb olunur. Bizdə maliyyələşdirmədə boşluq var. Peyvəndlərin istehsalı və paylanması üzrə beynəlxalq əməkdaşlıq proqramı olan COVAX çərçivəsində tədbirlərin davam etdirilməsinə baxmayaraq, yanvar ayının sonuna qədər tələb olunan maliyyə boşluqları 5 milyard dollar, proqramın həyata keçirilməsi üçün aradan qaldırılması lazım olan qlobal maliyyə boşluğu isə 20 milyard dollar təşkil edir", - deyə Baş katib söyləyib. O, çox böyük miqdarda peyvənd alaraq yalnız öz milli mənafelərini rəhbər tutan ölkələri tənqid edib.

"Eyni zamanda, əhalisinin sayından dəfələrlə çox sayda peyvənd almış ölkələrin mövcudluğunu görürəm. Müəyyən anda lazım olduğundan daha çox sayda vaksini olan ölkələrin inkişaf etməkdə olan dünyanın dəstəklənməsinə yönəlməsi məqsədilə bu vaksinləri COVAX-ın sərəncamına təqdim etmələri çox vacibdir", - deyə Baş katib əlavə edib. O, yenə də "vaksin millətçiliyi" mövqeyindən hərəkət edərək COVID-19-a qalib gəlməyin mümkün olmadığını xəbərdar edib.

"Qələbə yalnız həqiqi beynəlxalq əməkdaşlıq şəraitində mümkündür. Hökumətlər öz xalqlarını müdafiə etməyə borcludurlar, lakin onlar bunu digər xalqların müdafiəsiz qaldıqları təqdirdə edə bilməzlər," - deyə BMT rəhbəri vurğulayıb.


Etiketlər:  rəhbəri COVID vaksin millətçiliyi mövqeyindən çıxış edərək məğlub edə bilmərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ