Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 10:46
Karantin rejimi qaydalarını pozmağa cəhd göstərən şəxslərin bu niyyətinin qarşısı daha ciddi şəkildə alınır. Artıq infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə küçə, park və digər ictimai yerlərdə mülki geyimli polislər də istənilən şəxsə yaxınlaşaraq onları yoxlaya bilərlər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev son günlər sosial şəbəkələrdə bəzi vətəndaşların mülki polislər tərəfindən yoxlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O bildirib ki, nazirlik bir müddətdir, ölkədə tətbiq edilən sərtləşdirilmiş karantin rejimində icazələrin yoxlanmasına mülki formada olan polisləri də cəlb edib.
Qurum rəsmisi qeyd edib ki, mülki geyimdə olan polis əməkdaşları vətəndaşlara yaxınlaşaraq özünü təqdim etməklə, xidməti vəsiqəni göstərir. Bundan sonra isə qanunun tələblərinin icra edilməsi məqsədilə digər prosedurlar həyata keçirilir.
Bəzi vətəndaşlar SMS-icazələri olmadıqda və digər hallarda ərazidə xidmət aparan polis əməkdaşlarını gördükdə həmin istiqamətdə getməməyə çalışırlar. Artıq bu kimi halların da qarşısı alınacaq. Yəni istənilən yerdə və ərazidə mülki geyimli polis əməkdaşları vətəndaşları yoxlaya bilərlər.
Cərimələnməmək üçün tibbi maskadan düzgün istifadə etmək, sosial məsafə saxlamaq və digər qaydalara əməl etmək tövsiyə olunur.