Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 20:52
Bakı. Cani Babayeva - Trend:
Ermənistanla müharibədə qələbə Azərbaycana ilk növbədə güclü vətəndaş səfərbərliyi baxımından vacib oldu.
Bunu Trend-ə müsahibəsində rusiyalı tarixçi, siyasi analitik Oleq Kuznetsov Azərbaycanın qələbəsinin ölkənin inkişafı üçün əhəmiyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün yüz minlərlə azərbaycanlı işğaldan azad edilmiş doğma yurdlarını bərpa etmək üçün iş görməyə, ermənilər tərəfindən dağıdılmış ərazilərdə həyatı geri qaytarmaq üçün ölkəyə xarici investisiyalar cəb etməyə hazırdır:
"Ermənistan üzərində qələbə Azərbaycan diasporu və onun müxtəlif ölkələrdəki biznes tərəfdaşları tərəfindən xarici investisiyaların ölkəyə axınına yol açmağı təmin etdi. Qələbənin ikinci vacib nəticəsi ölkədə vətəndaş cəmiyyətinin birliyi oldu. Mən əminəm ki, əvvəllər sosial-iqtisadi vəziyyətinin yaxşılaşması üçün ölkəni tərk etməyi düşünən insanlar bundan sonra öz həyatlarını tarixi vətənlərinə bağlamağa, onun inkişafı və çiçəklənməsi üçün işləməyə çalışacaq. Müharibədə qazanılmış qələbə insan resursu və kapitalının Azərbaycanda qalmasına yol açacaq. Bu, təkcə iqtisadi səmərə ilə deyil, həm də Azərbaycan əhalisində indi daha da güclənmiş vətənpərvərlik və vətəndaşlıq hissi ilə əlaqədar olacaq".
O.Kuznetsov əlavə edib ki, Qarabağ Azərbaycanın ən yüksək gəlirli regionuna çevrilə bilər:
"Qarabağ öz kənd təsərrüfatının yüksək potensialı ilə məşhurdur. Kənd təsərrüfatı minimum investisiya ilə maksimum qısa vaxtda bərpasl mümkün olan iqtisadiyyat sahəsidir. Mütəxəssislərin fikrincə, Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsulları ixracını 5 il ərzində 2 dəfə, 10 il ərzində 3 dəfə artıra bilər. Bundan başqa, mənim bildiyimə görə, Qarabağ faydalı qazıntılarla - qızıl, kobalt, mis, manqanla zəngindir. Bu, Azərbaycanda əlvan metallurgiyanın və mikroelektronika istehsalının inkişafı üçün xammal ola bilər. Qarabağda, həmçinin Xəzər dənizindəki qədər olmasa da, yerli tələbatın təmin olunması üçün kifayət qədər neft və qaz yataqlarının olduğu deyilir. Bu amil Qarabağ məhsullarının istehsalı üçün xərcləri və müvafiq olaraq maya dəyərini azaltmağa kömək edəcək. Ona görə də Qarabağ Azərbaycanın ən yüksək gəlirli regionuna çevrilə bilər. Qarabağda dəmiryol əlaqəsinin bərpası isə bütün Cənubi Qafqazın nəqliyyat-logistika sahəsinin inkişafına, yeni beynəlxalq iqtisadi inteqrasiya mexanizmlərinin işə salınmasına imkan yaradacaq".