Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 20:56
İtaliya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədəki fövqəladə vəziyyəti daha yarım il müddətinə uzatmağa hazırlaşır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "İl Messaggero" qəzetinin yaydığı məlumatda hökumətin gündəliyində fövqəladə vəziyyətin yanvarın sonundan iyulun sonunadək uzadılması məsələsinin durduğu əks olunub. Qəzetin mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, Baş nazir Cüzeppe Kontenin rəhbərlik etdiyi kabinet bu ayın sonunda başa çatmalı olan fövqəladə vəziyyətin müddətinin artırılmasında israrlıdır və ölkədəki epidemioloji vəziyyət də bunun üçün yetərincə əsas verir. Lakin müzakirələrdə açıq qalan mövzu hansı məhdudiyyətlərin yüngülləşdirilməsi və həmçinin virusun daha yoluxucu olan yeni ştammları ilə bağlı hansı addımların atılmasından ibarətdir.
Qeyd edilməlidir ki, Avropada koronavirus pandemiyasının ən ciddi zərbə vurduğu ölkələrdən biri olan İtaliyada ötən il yanvarın 31-də yarımillik fövqəladə vəziyyət elan olunmuşdu. İyul ayında fövqəladə vəziyyət hökumətin qərarı ilə oktyabrın 15-dək, sonra isə bu il yanvarın 31-dək uzadıldı. Fövqəladə vəziyyət çərçivəsində hökumət ictimai sağlamlığın qorunması məqsədilə bir sıra sərəncamlar verib.
Cüzeppe Kontenin hökuməti Milad bayramından sonra ölkədə sərt karantin rejiminin müddətini yanvarın 15-dək uzatmışdı. Qarşıdakı həftədə hökumət ölkədəki epidemioloji vəziyyətin inkişafından asılı olaraq, sərt karantin rejimi ilə bağlı da yeni qərar elan etməlidir.