Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hadrutun, Şuşanın alınmasında qəhrəmanlığı ilə seçilən xüsusi təyinatlı - FOTO

Hadrutun, Şuşanın alınmasında qəhrəmanlığı ilə seçilən xüsusi təyinatlı - FOTO

Tarix: 13 Yanvar 2021 22:22

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən biri də baş leytenant Sahib Yusif oğlu Şirəliyevdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sahib Şirəliyev Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Ötən payızda, oktyabrın 18-də 25 yaşı tamam olmuşdu. Subay idi...

S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbdə alıb. Əlaçı olub, nizam-intizamı, fərdi xüsusiyyətləri ilə həmyaşıdlarından seçilib. Məktəb illərində boks idman növünə, hərb sənətinə maraq göstərib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

İgid döyüşçü 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi Vətənə qulluq edirdi. Nümunəvi xidməti, xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda öncüllüyü ilə fərqlənib, dəfələrlə fəxri fərman və diplomlarla mükafatlandırılıb.

Valideynləri onun hələ yeniyetməlik illərindən cəsurluğu, vətənpərvərliyi ilə seçildiyini vurğulayırlar.

Atası Yusif kişi oğlu haqqında qürurla danışır: "Nəslimizdə hərbçi olmamışdı. Sahib isə uşaqlıqdan, məktəb illərindən hərbi-vətənpərvərlik verilişlərini həvəslə izləyərdi. İllər ötdükcə oğlumda bu peşəyə maraq daha da artdı və qərarını verdi. Savadına, biliyinə görə başqa ixtisas da seçə bilərdi. Etiraf edim ki, təkid etsək də, onu fikrindən daşındıra bilmədik. Peşə seçimində qəti olan Sahiblə razılaşmalı olduq. Kursant olduğu müddətdə dəfələrlə təşəkkürnaməyə layiq görülüb. Soruşanda cavab verərdi ki, çətin də olsa, şərəfli, əsl kişi sənətidir. Naxçıvanda olanda onunla əlaqə saxlayırdım. Elə müharibə başlayan ilk gündən səbirsizlənirdi ki, tezliklə döyüşlərə qatılsın".

Şəhidin anası Şölə xanım isə oğlunu evləndirməyə hazırlaşdıqlarını, amma qismət olmadığını bildirir: "İstəyirdik ki, ailə qursun. Gözaltısı da vardı. Sahib cəbhəyə yollanandan nigaran idim, dua etməkdən başqa əlacım qalmamışdı. Nələr arzulayırdıq, nələrlə qarşılaşdıq..."

Ananın son cümlələri isə axıtdığı göz yaşları ilə ifadə edilir. O, övladının yarımçıq bitən taleyinə acıyır...

Sahibin zəngin şəxsi kitabxanası var. Bədii ədəbiyyat, xüsusilə şeir həvəskarıymış. Ən çox Nizami Gəncəvinin əsərlərini mütaliə edərdi.

Şəhidin 22 yaşlı qardaşı Əli də taleyini hərb sənətinə bağlayıb. Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumunu bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daxili Qoşunların tərkibində ilyarım xidmətdən sonra müddətdən artıq xidmət etməyə qərar verib. Əli döyüşlərdən öncə qardaşı ilə son danışığını belə xatırlayır: "Dedi ki, ailədən muğayat ol! Çünki bilmək olmaz evə necə dönəcəyəm - qalib, qazi, yoxsa şəhid kimi. Qismətində şəhidlik varmış. Həm qardaşım, həm də yaxın dostum idi. Bir-birimizə çox alışmışdıq..."

Bu gün şəhid zabitimiz Sahib Şirəliyevdən tarixə yazılacaq qəhrəmanlıq dastanı geridə qalıb. Bu şərəfli salnaməni yazmaqda bizə onunla çiyin-çiyinə vuruşan igid hərbçi, qazi yoldaşları yardımçı oldu.

Sahibin xidmət etdiyi hərbi hissənin qərargah rəisi, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli mayor Nəsir Zeyniyevin dediklərindən: "Əsgər və zabit heyətimiz cəbhəyə mərhələli şəkildə göndərilirdi. Oktyabrın 11-də Hadrut istiqamətində döyüşlərə qatıldıq. Qəsəbənin və ətraf yüksəkliklərin azad edilməsində Sahib və rəhbərlik etdiyi xüsusi təyinatlı qrup xüsusi fədakarlıq göstərdi. Hadrut döyüşlərində bir neçə düşməni şəxsən özü məhv etdi. Şəhid və yaralılarımız olsa da, qarşı tərəfin sıx yerləşdiyi və güclü müdafiə olunduğu, eləcə də Hadrutu nəzarətdə saxlayan vacib yüksəkliyin alınmasında S.Şirəliyevin xidməti əvəzsizdir. Onun rəhbərlik etdiyi bu uğurlu əməliyyatdan sonra qəsəbədə bölmələrimizin şəxsi heyət və döyüş texnikasının rahat hərəkəti təmin edildi..."

Sahibin kursant yoldaşı və onunla eyni taborda xidmət edən qrup komandiri, "Hərbi xidmətlərə görə" medallı baş leytenant Minətulla Bayramov: "Qırmızı bazar istiqamətində, dağlıq-meşəlik ərazilərlə 2 gecə yol getdik. Bu əməliyyatdakı ilk tapşırığımız yaşayış məntəqəsinin giriş və çıxış qapılarını bağlamaq oldu. Qəsəbəyə çatdıqda mövqe tutduq, bərabər paylanaraq yol kənarı boyunca yerləşdik. Minomyot atəşinə tutulsaq da, ordu birləşmələrimizlə birgə düşmənə sarsıdıcı zərbələr endirdik. Hədəf qəsəbənin tam alınması idi. Qrupumuzdan 4 nəfər yaralandı, mən sağ qolumdan güllə yarası aldım - hospitala təxliyə olundum. Bütün məsuliyyət və ağırlıq Şirəliyevin üzərində qaldı..."

"Döyüşdə fərqlənməyə görə" medallı baş gizir Kamran İbrahimov: "Tuğ kəndini aldıqdan sonra kəşfiyyat işlərini yekunlaşdırıb, ərazini təmizlədik. Sonra Qarabulaq kəndini, ərazidəki yüksəkliyi işğaldan azad etdik. Yeni tapşırığa əsasən Şuşa tərəfə irəlilədik. Bir neçə gün piyada yol getdik. Şuşa-Laçın yolunun 6-7 kilometrliyində döyüşə hazırlığa başladıq. Laçın dəhlizinə çatanda səhər saat 5-in yarısı idi...

Düşmənlə qızğın atışmalar zamanı yaralanan zabitimizə ilk tibbi yardımı Şirəliyev göstərdi. Saatyarımlıq şiddətli döyüşlərdə yaralı və şəhidlərimiz olsa da dəhlizi, dəhlizin üstündəki yüksəkliyi ələ keçirdik. Ağır artilleriya atəşlərinə məruz qalsaq da irəliləyirdik. Hətta "Şirəliyev, irəli, yoxsa geri?" soruşduqda, o, "yalnız irəli getməliyik" deyə, əmr etdi. Hədəfimiz Şuşa şəhəri idi. O səmtə istiqamətləndik. Qarşıda bizi tələyə salacağını düşünən hiyləgər yağını yenə də peşman etdik. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv etdik. İki BMP-ni yararsız hala salaraq qənimət götürdük. Lakin yarım saatlıq ağır vuruşda cəsur və təmkinli qrup komandirimizi, baş leytenant Sahib Şirəliyevi itirdik. Əvvəlcə elə bildim ki, qaya arxasında mövqe tutub. Çağırdım səs vermədi. Yaxınlaşanda arxası üstə yerə uzanan cansız bədənini gördüm. Sol çiynindən yapışıb özümə tərəf çəkdim. Güllə baş nahiyəsindən dəymişdi...".

Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman hərbçimiz noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb. Həmyerlisi, Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarının yanında dəfn edilib.

Şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə fədakarlığı, yüksək peşəkarlıqla rəhbərliyi, düşmənin canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsindəki rəşadəti və öz vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Övlad itirmək nə qədər ağır olsa da, zəfər sevinci Şirəliyevlər ailəsini ovundurur. Vətənin keşiyinə qorxmaz, bacarıqlı iki hərbçi oğul böyüdüb göndərən Yusif ata, Şölə ana, başınızı dik saxlayın, oğlunuz qəhrəmanlıq tarixi yazdı!

Vətəni canı bahasına bütöv edən Sahib kimi şəhidlərimizin sayəsində nəinki düşmənlərimiz, bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü bir daha gördü.


Etiketlər:  Hadrutun Şuşanın alınmasında qəhrəmanlığı ilə seçilən xüsusi təyinatlı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ