Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 20:12
2020-ci ildə dünya fərdi kompüterlər bazarının satış həcmində son 10 ildə ən böyük artım qeydə alınıb. Bu barədə "Canalys", "IDC" və "Gartner" analitik şirkətlərinin hesabatına istinadən "The Verge" nəşrinin məlumatında deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Canalys" şirkətinin məlumatına görə, ötən il fərdi kompüterlər bazarının həcmi 2019-cu illə müqayisədə 11 faiz artaraq 297 milyon qurğuya çatıb. "IDC" bazarın həcmini 302 milyon ədəd, onun illik artımını 13,1 faiz qiymətləndirib. "Gartner" isə bazarda artımın 4,8 faiz təşkil etməklə 275 milyon qurğuya çatmasına baxmayaraq onu son 10 ildə rekord hesab edib.
Bütün dünyada fərdi kompüterlərin satış həcmində artım analitiklər tərəfindən koronavirus pandemiyası nəticəsində əksər şirkət əməkdaşlarının məsafədən işə, məktəbli və tələbələrin isə onlayn tədrisə keçməsi ilə əlaqədar tələbatın artması ilə izah olunur.
Bundan başqa, bazara oyun fərdi kompüter və monitorlarına tələbatın artması təsir göstərib - evdə qalmağa məcbur olan insanlar aktiv əyləncə axtarışında olublar.
Fərdi kompüterlər bazarında konkret istehsalçılara gəldikdə, "Canalys" və "IDC" nümayəndələrinin fikrincə, ən böyük tədarükçülər üçlüyünü "Lenovo", "HP" və "Dell" şirkətləri təşkil edib. "Apple" ən böyük fərdi kompüter tədarükçüləri arasında dördüncü yeri tutub.
"Ötən il dünyanın yaşadığı rəqəmli tranformasiya misilsiz olub, fərdi kompüterlər isə bu dəyişikliklərin mərkəzində yer alıb", - "Canalys" şirkətinin tədqiqatlar üzrə direktoru Ruşab Doşi bildirib.
Xatırladaq ki, 2019-cu ilin yekunları üzrə qlobal fərdi kompüterlərin satışı səkkiz ildə ilk dəfə artıb. Bir il əvvəl "IDC" tərəfindən fərdi kompüterlər bazarının həcmi 266,7 milyon ədəd (artım 2,7 faiz) qiymətləndirildiyi halda "Gartner" fərdi kompüterlərin satışının 261,2 milyon ədəd təşkil edərək 0,6 faiz artdığını hesab edib.