Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sanki terrorçularla döyüşürdük - Müharibə iştirakçısı danışır... (FOTO)

Sanki terrorçularla döyüşürdük - Müharibə iştirakçısı danışır... (FOTO)

Tarix: 1 Fevral 2021 15:15

Bakı. Trend:

Ermənilər Qubadlıdan geri çəkilərkən körpünü dağıdıb avtomobilin keçmə ehtimalı olan yerlərdə çayın içində minalar basdırmışdılar. Lakin komandirlərimizin ayıq-sayıqlığı nəticəsində onlar aşkarlandı və zərərsizləşdirildi.

Bunu Trend-ə müsahibəsində Vətən müharibəsi iştirakçısı Seymur Əli oğlu Mənsimov dedi.

O, bank mütəxəssisidir, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib və müharibənin ilk günlərindən döyüşlərə qatılıb. Rütbəsi əsgər olsa da üzərində çox məsuliyyətli bir vəzifə olub – Artilleriya bölüyündə topçu – baş tuşlayıcı. Düşmənin bir hərbi hissəsinin və onlarla hərbi obyektinin darmadağın edilməsində birbaşa iştirak edib.

Tərtər rayonunun Dəmirçilər kəndindən olan 1989-cu il təvəllüdlü Seymur Mənsimov müharibədə göstərdiyi şücaətlərə görə, Prezident İlham Əliyev tərəfindən Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsinə görə medalları ilə təltif edilib.

“Bizim qrupda hər kəs səfərbərliklə gələnlər idi. Komandir heyəti düşünürdü ki, biz zəifik. Amma Cəbrayılda erməni minaatanlarını məhv edəndən sonra adımız çıxdı. Orada da elə idi ki, biz onları vura bilməsəydik, onlar bizi vuracaqdılar. Bundan sonra gördülər ki, döyüşə bilirik və bizi qabağa buraxdılar” - deyən Seymur məhz bundan sonra uzaq atışlara başladıqlarını bildirdi:

“Düşmənin Qubadlıdakı mövqelərini vurğmağa başladıq. Koordinatlar bizə dəqiq gəldiyi üçün biz də hədəfi dəqiqliklə vururduq. Cəbrayılan çıxanda isə sözün əsl mənasında bəxtimiz gətirdi. Əgər ciddi nizam-intizam olmasaydı, çoxdan ölmüşdük. Oradan çıxandan bir neçə dəqiqə sonra durduğumuz mövqeni raketlə vurdular. Divizion komandirimiz mərd və cəsarətli adam idi. Daim arxamızda dururdu, bizi müdafiə edirdi. Bəlkə də biz çox yerdə onun sayəsində sağ qaldıq. Çox vətənpərvər idi. Qarşımızda elə bir çıxış edirdi ki, istəyirdik silah-sursatı atıb, əlbəyaxa erməniləri məhv edək”.

Seymur söhbət əsnasında daha bir maraqlı məqama da toxundu. Dedi ki, ermənilərin ən yaxşı döyüşçüləri minaatanlar idi. Çünki PKK terrorçuları ilə o qədər təlim keçiblər ki, minaatanlardan yaxşı istifadə edirdilər, atışları dəqiq atırdılar: “Konkret, elə bilirdik ki, terrorçularla döyüşürük. Bununla belə, onlar ağır artilleriya ilə dəqiq vura bilmirdilər. Bizim əsas itkilərimiz də elə onların minaatanlarının hesabına oldu. Bizdə idarəetmə yüksək səviyyədə idi. Bütün bölmələr bir-birinə qarşılıqlı dəstək verirdi. Məsələn, ermənilər düz vura bilməsələr də biz duran tərəfə atırdılar. Bu zaman bizim istiqamətdən qradlar onları susdururdu. Qubadlıya gedəndə yolumuzun üstündəki çayın içərisinə mina döşəmişdilər. Körpü dağılmışdı. Amma öncədən müəyyən edilərək təmizləndi. Orada durmadan atəşə tuturdular bizi. Dağın, daşın dalında gizlənərək mövqe tutduq. Ondan sonra şiddətli döyüşlər başladı. Və düşmənin bütün atəş mövqelərini darmadağın etdik”.

Müharibə iştirakçısı, həmçinin qeyd etdi ki, bəzi uşaqlar döyüşə girməzdən əvvəl çəkinirdi, ehtiyat edirdi. Orada ab-havaya düşəndən sonra olurdu canavar: “Ona görə mən döyüş şəraitində bir dənə də olsun qorxan hərbçimizi görmədim. Əksinə, komandirimiz, baş leytenant Cabbarov Fərəc, döyüş yoldaşlarım İsmayılov Araz, Bayramov Həmid, Osmanlı Hümmət, Babayev Atababa, Zeynalov Elçin və digərlərinin timsalında hər kəsin necə qorxmaz və igid olduğunu gördüm...

Muharibədə bütün hisləri unudursan, emosiya olmur. Tək bir dəfə - Qubadlıya daxil olanda komandirimiz telefonunda azan səsi qoydu. Sədası səsgücləndirici ilə bütün ətrafa yayıldı, bax o an hamımızın gözü yaşardı, ağladıq, emosiyalarımızı boğa bilmədik”.

“Ermənilər qızıl tapmaq və mərmər daşları götürmək üçün Azərbaycan qəbirlərini qazıb çıxarmışdılar. Bir qəbiristanlığı isə kürüyüb yerində məktəb tikmişdilər. Biz həmin məktəbin zirzəmisindən bir lövhə tapdıq. Üzərində “Azərbaycan SSRİ” yazılmışdı. Həmin lövhəni götürüb məktəbin qabağından asdıq” – dedi Seymur Mənsimov.

Seymur onu da dedi ki, irəlilədikcə ermənilərin atıb qaçdığı sursatları götürürdülər. Rusun ermənilərə verdiyi mərmilər çox keyfiyyətsiz, əzik-üzük və paslı idi, yivi bağlanmırdı. Ona görə atanda çoxu partlamırdı...

O, qələbə günündən əvvəl 3 gün gecə-gündüz şiddətli döyüşlər getdiyini bildirdi: “Hamımız yorğun idik. 3-5 dəqiqə yatmağı qənimət bilirdik. Ayaq üstdə güclə dururduq. Bilirsən necədi, 3 gün gecə-gündüz döyüş, yorğunluq bilmirsən, yuxu da, yemək də yada düşmür, bir qədər susuzlayırsan. O ki arada fasilə olur, yemək yeyirsən və ya siqaret çəkirsən, bax o vaxt adama elə bir yorğunluq gəlir ki... Deyirsən, başıma güllə dirəsələr də qolun qalxmaz. Amma komanda gəlir - “Batareya diqqət”, “Divizion diqqət” - hər şeyi unudursan, elə bil, fövqəl bir güc gəlir adama. Qələbə günü biz tərəfdə sakitlik idi, bir də gördüm atışma düşdü. Dedim yəqin diversiya gəlib, çünki topda avtomat atışması yoxdu. Ona görə dərhal düşünürsən ki, diversiya gəlib. Sən demə, Qələbə xəbərinə görə hamı havaya güllə atırmış... Atəşkəsdən sonra hər hansı bir təxribat olmasa da döyüşə tam hazır vəziyyətdə idik. Tərxis olunan bir günə qədər bir an belə arxayınlaşmadıq”.

Elgün MƏNSİMOV
Trend

Sanki terrorçularla döyüşürdük - Müharibə iştirakçısı danışır... (FOTO) - Gallery Image Sanki terrorçularla döyüşürdük - Müharibə iştirakçısı danışır... (FOTO) - Gallery Image


Etiketlər:  Sanki terrorçularla döyüşürdük Müharibə iştirakçısı danışır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ