Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 21:16
Koronavirus pandemiyası Avrozonada bu valyuta birliyinin tarixində ən ağır iqtisadi geriləməyə səbəb olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Avropa Statistika İdarəsinin ("Eurostat") yaydığı məlumata görə, ötən il Avrozonada ümumdaxili məhsul 6,8 faiz azalıb və bununla da valyuta birliyinin təsis olunduğu 1996-cı ildən bəri ən aşağı həddə düşüb. Konyunkturada bu cür geriləmə heç 2009-cu ilin qlobal maliyyə böhranı zamanında belə qeydə alınmayıb (həmin vaxt ÜDM 4,5 faiz azalmışdı).
"Eurostat"ın məlumatına görə, 2020-ci ilin koronavirus böhranı Avrozonaya ABŞ-dan da çox zərər vurub. Belə ki, ABŞ-da ötən il ÜDM 3,5 faiz aşağı düşüb. Avrozonada iqtisadi göstəricilərin ciddi şəkildə geriləməsində bir neçə ölkənin xüsusi payı var. Pandemiyanın ağır zərbə vurduğu İtaliyada ÜDM ötən il 8,8 faiz azalıb. Almaniya və Fransadan sonra Avropada ən böyük xalq təsərrüfatına malik bu ölkədəki hökumət böhranı da iqtisadi göstəricilərin yaxın perspektivdə yaxşılaşmayacağına dəlalət edir. Keçən il Almaniyada iqtisadi geriləmə 5 faiz, Fransada isə 1,3 faiz olub.
Ekspertlərin rəyinə görə, Avrozona iqtisadiyyatın dirçəlməsi üçün uzun zamana ehtiyac olacaq. Çünki infeksiyanın yayılma intensivliyi və mutasiyaların yaratdığı təhlükə səhiyyə sisteminin qorunması üçün tətbiq olunan məhdudiyyətlərin müddətini artıracaq. Bu isə iqtisadiyyatın yenidən canlanmasını əngəlləyəcək və iqtisadi geriləməni sürətləndirəcək. İqtisadi inkişafın yenidən bərpası üçün əsas şərtlər sırasında vaksinasiya kampaniyalarının uğurla həyata keçirilməsi və əhalinin karantin qaydalarına ciddi riayət edilməsi göstərilib.