Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 20:52
COVID-19 pandemiyası dövründə Misirin turizm gəlirləri 90 faiz azalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin turizm və qədim abidələr naziri Xalid Ənani məlumat verib. Onun sözlərinə görə, ötən il qədim abidələri ziyarət edənlərin turizm sektoruna qazandırdığı aylıq gəlir orta hesabla cəmi 8 milyon dollar olub, halbuki nazirliyin bu sahədə işçilərinin əməkhaqqı 10 milyon dollardan çoxdur. Nazir əlavə edib ki, rəhbərlik etdiyi qurumun büdcəsində 440 milyon dollar kəsir yaranıb.
Misirin turizm naziri qeyd edib ki, ötən il ölkəyə cəmi 3,7 milyon əcnəbi turist gəlib. Bunun 1,4 milyon nəfəri karantin məhdudiyyətlərinin azaldığı dekabr ayına təsadüf edir. Bundan başqa, pandemiya səbəbindən turizm sektoruna qoyulan sərmayələr də kəsilib. 2020-ci ildə turizm sektorundan ümumi gəlir isə cəmi 900 milyon dollar olub. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə Misir 13,6 milyon əcnəbi turist qəbul etmişdi, turizm sektorunun ümumi gəliri isə 13,5 milyard dollar olmuşdu.