Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2021 20:28
ABŞ-da qanunverici hakimiyyətin nümayəndələri fevralın 12-də eks-prezident Donald Trampın impiçment prosedurunu müvəqqəti dayandıra bilərlər.
Bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, Trampın vəkili Devid Şon Senatdakı Demokrat çoxluğun lideri Çak Şumer, yuxarı palatadakı Respublikaçıların rəhbəri Mitç Makkonnel və impiçment prosesində sədr olacaq senator Patrik Lixiyə məktub göndərib. Məktubda yəhudi əsilli hüquqşünas Şabbat bayramını lazımi qaydada keçirmək üçün fevralın 12-dən 14-dək impiçment prosedurunu müvəqqəti olaraq dayandırmağı senatorlardan xahiş edib.
Senator Şumerin nümayəndəsi Castin Qudmen vəkilin müraciətinə hörmətlə yanaşdıqlarını və onun xahişinin böyük ehtimalla nəzərə alınacağını bildirib.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti D.Trampa qarşı artıq ikinci olan impiçment proseduru "əhalini üsyana təhrik etmə" səbəbilə başladılıb. Konqres və senatın bəzi üzvləri hesab edirlər ki, məhz eks-prezident öz nitqi ilə insanları Kapitoliyə hücum etməyə təhrik edib.