Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2019 14:36
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda aparılmış sosioloji sorğunun nəticəsinə görə, məişət zorakılığına məruz qalan qadınların demək olar ki, hər dörddən biri qeyri-rəsmi nikahda olanlardır.
Bunu Trend-ə məişət zorakılığına məruz qalmış qadınlarla bağlı sosioloji sorğu keçirən şəxslərdən biri - müstəqil ekspert İsmayıl Kərimov deyib.
Ekspertin sözlərinə görə, aparılan sorğunun nəticələrindən belə məlum olur ki, zorakılığa məruz qalanlar arasında ən yüksək depressiya həddi boşanmışlar, daha sonra isə qeyri-rəsmi nikahda olanlarda, ən yüngül depressiya isə rəsmi nikahda olan və dul qadınlarda müşahidə edilib.
İ.Kərimov əlavə edib ki, məişət zorakılığına məruz qalmış qadınların nikaha daxil olma üzrə ortalama yaşı ölkə üzrə göstəricidən ən azı 4 yaş kiçikdir. Bu qrupda erkən nikah hallarına daha çox rast gəlmək mümkündür. Məişət zorakılığına məruz qalmış qadınların ailələrində gəlir səviyyəsi də çox aşağıdır. Belə ki, ailədə fərd başına düşən gəlir ölkə göstəricisindən 40% aşağı olub: “Məlum olub ki, məişət zorakılığından şikayət edən qadınların 71,7%-də depressiya orta ağır və ya ağır dərəcədədir. Sığınacaqda qalanlar daha az depressivdirlər. Hesab edirik ki, bunun səbəbi sığınacaqda qalanların sosial-psixoloji reabilitasiya keçməsidir. Bu reabilitasiya onların depressiv vəziyyətini yaxşılaşdırır və belə nəticəyə gəlmək mümkündür ki, sığınacaq mərkəzlərində qadınların reabilitasiyası üçün zəruri addımlar atırlar”.
Ekspert vurğulayıb ki, ən ağır depressiya ibtidai təhsillilərdə, ən azı isə bakalavr təhsili olanlarda görünsə də, bu iki təhsil səviyyəsi arasında ardıcıl artma (azalma) mövcud deyil. Lakin ər və arvad arasındakı təhsil fərqi zorakılığı və depressiyanı artırır:
“Məşğulluq qrupları arasında da ciddi fərq mövcud deyil. Qadınlarda işləyən qrupda depressiya şkalası aşağı olsa da, bu fərq statistik mənada ciddi fərq hesab edilmir. Yəni qadınların işləyib-işləməməsi onların depressiyasında ciddi fərq yaratmır. Ailələrə maddi dəstəyin təhlilinə gəldikdə isə bunu müşahidə edirik ki, maddi dəstək depressiya vəziyyətinin azalmasına xidmət etmir. Təhlilərdən görünür ki, maddi dəstək almayan ailələrdə qadınlar daha az depressivdirlər. Maddi dəstəyi daha çox gəlir səviyyəsi aşağı olan ailələr alır. Belə nəticəyə gəlmək mümkündür ki, maddi dəstək ailələrin iqtisadi vəziyyətinə kömək etsə də, qadınların depressiv vəziyyətinin yüngülləşməsinə heç bir təsir etmir. Qadınların həyat yoldaşlarının yaxınları ilə birgə qalması və ya həyat yoldaşı ilə ayrı evdə yaşaması da depressiya vəziyyətinə ciddi təsir etmir. Hərçənd ki, qadınların həyat yoldaşlarının yaxın qohumları ilə birgə yaşayışı onların depressiyasını nisbətən artırsa da, bu fərq statistik mənada əhəmiyyətli hesab edilmir”.
Mütəxəssis deyib ki, həyat yoldaşlarının övladlarına qarşı zorakılığı da qadınların depressiyasını ağırlaşdırır. Ər və arvad arasındakı yaş fərqi də depressiyaya 4,3% təsir edir.
Qeyd edək ki, təxminən 1 ay ərzində həyata keçirilən sorğu zamanı respondentlər əsasən 3 qrupa bölünüb. Birinci qrupa aid olan qadınlara sığıncaq mərkəzlərində məskunlaşan və reabilitasiya keçən qadınlar, ikinci qrupa Sumqayıt şəhərində məişət zorakılığından əziyyət çəkən qadınlara sosial və hüquqi xidmət həyata keçirən “Qadın Təşəbbüsü və Sosial Problemlərinə Həllinə Yardım” İctimai Birliyinə məişət zorakılığı ilə bağlı müraciət edən qadınlar, üçüncü qrupa isə Bakı şəhərində fəaliyət göstərən fərdi psixoloqlara müraciət edən qadınlar daxil edilib. Bütün qruplar üzrə sorğu “üz-üzə” metodu ilə həyata keçirilib.
Xatırladaq ki, 2018-ci ildə ölkədə ümumilikdə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin ümumi sayı 2017-ci ildə 21 561 nəfər, 2018-ci ildə 21 382 nəfər olub. Onlardan 2017-ci ildə 1 268 nəfəri, 2018-ci ildə 1 221 nəfəri məişət zorakılığı ilə bağlı cinayətlərdən zərər çəkib. Məişət zorakılığından daha çox qadınlar zərər çəksə də, zərərçəkənlər arasında kişilər də olub.
2017-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 304-ü kişi, 964-ü qadın, 2018-ci ildə 306-sı kişi, 915-i qadın olub. Son iki il ərzində qadınlara qarşı törədilmiş (qeydə alınmış) cinayətlərin sayı bir qədər azalıb. 2017-ci ildə belə cinayətlərin sayı 5 755, 2018-ci ildə 5 603 olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin