Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-epidemioloq: COVID-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur

Həkim-epidemioloq: COVID-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur

Tarix: 14 Fevral 2021 19:54

Ölkəmizdə yanvarın 18-dən etibarən COVID-19 əleyhinə vaksinasiyaya start verilib. Əvvəlcə səhiyyə işçiləri vaksinasiyaya cəlb olunublar. Mən də koronavirus əleyhinə peyvənd olundum. Həm məndə, həm də digər həmkarlarımda heç bir yan təsir müşahidə olunmadı. İkinci doza 28 gündən sonra, yəni gələn həftədən etibarən vurulacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-epidemioloq Bənövşə Abdullayeva deyib.

O bildirib ki, bəzi vətəndaşlar peyvənd olunmaqdan çəkinir. Buna səbəb kimi əziyyət çəkdikləri xəstəliklərin vaksin vurdurduqdan sonra aktivləşməsindən, ya da peyvənddən sonra hansısa fəsadlaşmaların baş verəcəyindən qorxduqlarını dilə gətirirlər. Çünki bəzi sosial şəbəkələrdə peyvəndin ciddi əks-təsirlər yaratması, onun ziyanlı olması haqqında dezinformasiyalar yayılıb: "Vətəndaşlar bilməlidirlər ki, vaksinasiya prosesi hər zaman bəzi infeksion, o cümlədən digər yoluxucu xəstəliklərin qarşısını almaqda xüsusi rola malik olub. Belə ki, uşaq yaşlarından suçiçəyi, qızılca, məxmərək kimi xəstəliklərə qarşı peyvənd olunmaqla onlardan qorunuruq. COVID-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur. Həmin vaksinin vurulması qaydaları var və hər kəs peyvənd olunmur. Peyvənd vurulması üçün həkim müayinəsi və göstərişi vacibdir. Xroniki xəstəliklərin aktivləşməsi dövründə olanlar, onkoloji xəstəliklərdən əziyyət çəkənlər, 18 yaşadək uşaqlar, vaksinin tərkibindəki maddələrə qarşı allergiyası olanlar, hamilələr, südvermə prosesində olan qadınlar vaksinasiyadan kənarda qalırlar. Vaksinin inyeksiya yerində qızartı, ağrı olması, baş ağrısı, yorğunluq, halsızlıq, yüngül temperatur kimi yan təsirləri ola bilər. Ciddi yan təsirlərə də çox nadir hallarda rast gəlinir. Ölkəmizdə üç həftədən çoxdur vaksinasiya aparılır. Bu müddət ərzində ciddi yan təsirlər qeydə alınmayıb.

Digər bir tərəfdən, vaksin vurduranlar arxayınlaşmamalı, qoruyucu vasitələrdən, gigiyena qaydalarından imtina etməməlidirlər. Vaksinasiyadan kənarda qalanları nəzərə alaraq pandemiya bitənədək maska taxılmalı, gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə prinsipləri gözlənilməlidir. Xatırlatmaq istərdim ki, peyvəndin ikinci dozası birincidən 21-28 gün sonra vurulur. Qanda antitellər isə ilk dozadan təxminən bir ay sonra yaranır. Vaksin vurulandan sonra xəstəliyə yoluxma ehtimalı az da olsa var. Bu zaman xəstəlik ağırlaşma olmadan yüngül keçirilir. Peyvənddən sonra yaranan qoruyuculuq individual olsa da, əmələ gələn immunitetin 6 aya qədər qaldığı deyilir. Pandemiyanın aramızdan getməsi üçün əhalinin 60-70 faizində immunitet formalaşmalıdır ki, hazırda bunu da yalnız vaksinasiya ilə etmək mümkündür. Hər kəsi qorxub-çəkinmədən vaksinasiya prosesində aktiv olmağa səsləyirəm".

Qeyd edək ki, ölkəmizdə vaksinasiya məqsədilə Çinin "Sinovac" şirkətinin "CoronaVAC" peyvəndi istifadə olunur.


Etiketlər:  Həkim epidemioloq COVID əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ