Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan üçün yeni dövr başladı

Azərbaycan üçün yeni dövr başladı

Tarix: 17 Fevral 2021 13:32

"Cənub Qaz Dəhlizi" layihəsinin inşasının başa çatması, bu layihənin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması Azərbaycan üçün yeni bir dövrün başlanmasına səbəb oldu".

Bunu Milli.Az-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

Ekspert bildirib ki, Cənub Qaz Dəhlizi bir çox parametrləri üzrə nadir layihələrdən hesab olunur:

"Ümumiyyətlə bu layihənin əsas məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi ilə işləniləcək qazın Cənub Qafqaz Boru kəməri, TANAP və TAP vasitəsilə Avropaya ixrac edilməsidir.

Cənubi Qaz Dəhlizi layihəsinin ümumi dəyəri 44,6 milyard dollar məbləğində hesablansa da, layihənin icrası zamanı ümumi dəyəri 33 milyard dollara enmişdir. Layihə əslində bir çox parametrləri üzrə nadir layihələrdən hesab olunur. Təbii ki, stratejik olaraq Azərbaycan üçün çox əhəmiyyətli mövqeyə sahib olan bu layihənin ölkə üçün bir çox faydaları mövcuddur:

I. İlkin olaraq qeyd etmək istəyirəm ki, bu layihə üzrə çəkilən boru xətlərinin ümumi uzunluğu 3500 kilometrdir və 7 ölkəni birləşdirir. Bu layihə ticari əməkdaşlıqla bərabər həm də, 7 ölkə arasında siyasi və iqtisadi işbirliklərinin güclənməsinə səbəb olacaqdır. Xüsusilə vurğulanmalıdır ki, Avropanın enerji təhlükəsizliyinin və enerji təminatı sabitliyinin qorunmasında, Avropanın müəyyən ölkələrdən enerji asılılığının azaldılmasında artıq Azərbaycan xüsusi rola malik olacaqdır. 

II. Avropaya birbaşa qaz ixracının təmin olunması eyni zamanda, digər sahələrdə də ixracın artırılmasına paralel olaraq təsir edəcək, Azərbaycanla Avropa arasında olan ixrac-idxal əməliyyatlarının şaxələndirilməsinə gətirib çıxardacaqdır.

III. Azərbaycanın enerji resurslarının inkişaf etdirilməsi, kəşfiyyat və tədqiqat mərhələsində olan yeni yataqların aşkarlanması bu layihənin uzun müddətli və davamlı olacağına, eyni zamanda şaxələndirilmiş neft qaz kəmərləri şəbəkəsinin hasilatının artırılmasına xidmət edəcəkdir.

IV. Azərbaycanın əlverişli coğrafi mövqeyə sahib olması bu layihənin önəmini xüsusi ilə artırır. Belə ki, gələcəkdə, stratejik olaraq tranzit boru kəməri statusunda digər ölkələrdə hasil olunan qaz-kondensant resurlarının bu boru şəbəkələri vasitəsi ilə Avropaya ixracı asanlaşdırılacaqdır.

V. Layihə üzrə əldə olunan gəlirlər Azərbaycanın iqtisadi müstəqilliyinin və iqtisadi gücünün artırılması üçün əslində böyük şansdır. Qaz ixracından əldə olunan gəlirlərin, iqtisadiyyatın digər sahələrinə yönəldilməsi ilə Azərbaycanın özünün sosial iqtisadi rifah durumunu artırmaq imkanı əldə edəcəkdir. 

VI. Bu layihə həm də bölgədə hərbi təhlükəsizliyin təminatı statusuna sahib olacaqdır. Belə ki, bu layihə vasitəsilə ilə ciddi investisiyalar yatırılmışdır. Və layihənin davamı olaraq, müxtəlif sahələr üzrə investisiyaların məbləği daha da artırılacağı düşünülür. Bu halda istər Avropa, istər tərəfdaş ölkələr, istərsə də investor şirkətlər və maliyyə qurumları ərazilərdə hərbi təhlükəsizliyin yaranması üçün xüsusi dəstək verəcəklər. Bu baxımdan, əslində işğaldan azad olunmuş Qarabağ bölgəsinin hərbi təhlükəsizliyi, regiona xarici investisiyaların cəlb olunması üçün xüsusi əhəmiyyətə malikdir".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Azərbaycan üçün yeni dövr başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ