Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2021 12:30
Artıq bir dəfə Xocalı soyqırımı (1992) törətmək təcrübəsi olan Ermənistan 44 günlük II Qarabağ müharibəsində də dinc azərbaycanlı əhaliyə qarşı növbəti belə faciəni törətmək cəhdini həyata keçirdi. Baxmayaraq ki, bu dəfə Ermənistan hərbi-siyasi rəhbərliyinin başında özünü demokrat adlandıran, göyərçin uçura-uçura hakimiyyətə gələn indiki baş nazir Nikol Paşinyan vardı. Müharibənin getdiyi döyüş bölgəsindən bir xeyli aralıda yerləşən, hərbi əhəmiyyət daşımayan, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə başda olmaqla Bərdə, Mingəçevir və digər şəhər və rayonlarda mülki əhalini hədəf seçən Ermənistan 28 il əvvəlki faciəni təkrarlamaqla yenidən istəyinə nail olub, insanlar arasında qorxu, təşviş yaradaraq yaşadıqları əraziləri tərk etmələrinə çalışsalar da, onlarla ölüm-itim olmasına baxmayaraq ballistik raketlərdən endirilən zərbələr də bu dəfə bir nəticə vermədi. Əksinə qisas hissi daha da alovlanan xalq Ali Baş Komandanının və Ordusunun ətrafında sıx birləşərək düşmənin üstünə əliyalın belə getmək üçün cəbhəyə can atdı. Bu həmrəylik, birlik nəticəsində Azərbaycan 30 illik Vətən həsrətinə son qoydu.
Lakin üzərindən 29 il (26 fevral 1992) keçməsinə baxmayaraq hələ də Xocalı soyqırımının qatilləri azadlıqda gəzirlər. Özlərini insan hüquqlarının müdafiəçisi kimi göstərən beynəlxalq təşkilatlar hələ də təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilən soyqrımın iştirakçıları "Qarabağ klanı"nın cəzalandırılması üçün heç bir addım atmayıb. Əvəzində Sarksiyan, Köçəryan cütlüyünə beynəlxalq təşkilatlarda, ən ali tribunalarda söz haqqı verildi. Bu azmış kimi terrorun və faşizmin dövlət səviyyəsində təbliğ edildiyi Ermənistan rəhbərliyi nasist yaltaq Qaregin Njdeyə heykəl qoyduğu azmış kimi Xocalı faciəsi zamanı törətdiyi vəhşi əməlləri ilə məşhurlaşan, yüzlərlə dinc azərbaycanlı qadın, uşaq və yaşlının amansızcasına qətlə yetirilməsində birbaşa iştirak edən Monte Melkonyanın xatirəsini əbədiləşdirmək, onu erməni xalqının qəhrəmanı kimi sırımaq üçün son 10 il ərzində müxtəlif addımlar atdı.
Amma Azərbaycanın qisası qiyamətə qalmadı. Xüsusilə son 17 il ərzində atılan addımlar Azərbaycanın o qisas gününə hazırlıq məqsədi daşıdı. Elə bunu ötən gün Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı da qeyd etdi: "Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik". Nəhayət o gün yetişdi. Bir vaxtlar Xocalıdan və digər işğal edilən ərazilərdən ayaqyalın, gözyaşı içində qucaqda çıxan körpələr Vətən Müharibəsi zamanı tank üstündə gülə-gülə qisasını almaq üçün irəli atıldı və doğma yurd-yuvasını düşməndən azad etdi. Və bununla da Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı.
Bu gün XX əsrin ən ağır cinayəti Xocalı soyqrımının 29-cu il dönümüdür. Lakin bu il geridə qalan illərlə müqayisədə Azərbaycan xalqı erməni terrorunun, təcavüzünün qurbanına çevrilən minlərlə sakininin qisası alınmış Xocalı soyqrımı qurbanlarını yad edir. Prezident İlham Əliyev də istər dünən şəhid ailələri ilə görüşü zamanı, istərsə də bu gün yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirdiyi kimi, Azərbaycan bir də erməni faşizminin baş qaldırmasına imkan verməyəcək. Keçən ilin sentyabrındakı təxribatı başına bəla olan Ermənistan hələ də ağır məğlubiyyətin girdabından çıxa bilmir. Noyabrın 10-dan bu günə kimi etiraz aksiyaları səngiməyən Ermənistan bu gün vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir. Qarabağda Azərbaycan Ordusunun məhv etdiyi erməni əsgər valideyinləri aksiyaların əsas tərkib hissəsini təşkil edir. Bunu fürsət bilən Ermənistan müxalifəti bütün bəlaların, problemlərin yükünü Paşinyanın üzərinə yıxmaq üçün fürsətdən yararlanmağa çalışırlar. Lakin nəzər salsaq görərik ki, Ermənistandakı bu xaotik durum 2 il, 2,5 il əvvələ yox, daha keçmişə söykənir. Yəni Ermənistanın iflası elə Qarabağda baş verən proseslərdən, Xocalıdan başlamışdı.
Təhməz Əsədov