Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 19:03
“Huawei” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən aktiv qurğulara görə birinci yeri tutub. Bu barədə “Finbold” agentliyinin tədqiqatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, 2020-ci ilin dördüncü rübünün yekunları üzrə Çin istehsalçısı “5G” dəstəkli qurğular bazarına başçılıq edir. Şirkətin payı 26,9 faiz təşkil edib. İkinci pillədə 25,1 faiz payla “Samsung” qərarlaşıb. İlk üçlüyü 19,5 faiz payla “Apple” tamamlayıb. Sonrakı mövqelərdə Çinin “Vivo” və “Honor” smartfon istehsalçıları yer alıb. Onların payı müvafiq olaraq 11,8 və 6,9 faizə bərabər olub.
Həmçinin mütəxəssislər tərəfindən “Huawei” və “Samsung” şirkətlərinin ayrıca müqayisəsi aparılıb. Son yarımilin dörd ayının yekunları üzrə Cənubi Koreya şirkəti rəqibindən xeyli irəli olub – məsələn, 2020-ci ilin noyabrında beşinci nəsil mobil rabitə şəbəkələrində Cənubi Koreya və Çin korporasiyalarının müvafiq olaraq 44,9 və 8,6 faiz smartfonu qeydə alınıb. Dekabrda “Samsung”un payı kəskin azalaraq 25,1 faizə düşüb, “Huawei”in payı isə əksinə, 26,9 faiz artıb.
“Huawei”in əhəmiyyətli artımı və liderliyi ilə yanaşı, analitiklər tərəfindən “Apple” şirkətinin “5G” qurğular bazarına sürətlə daxil olması qeyd olunur. 2020-ci ilin sentyabrına olan vəziyyətə görə, korporasiya tərəfindən beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən qurğu buraxılmasa da, ilin sonunadək ABŞ-ın İT nəhəngi dünya bazarının beşdəbir hissəsinə sahib çıxıb. Bu, “iPhone 12” seriyalı smartfonların satışda uğur qazanması ilə əlaqələndirilir.
Hesabata görə, “Huawei”in uğurunu dövlət tərəfindən dəstəklənən böyük Çin bazarında liderliyi ilə izah etmək olar. ABŞ-ın sanksiyalar siyahısına daxil edilməsinə baxmayaraq “Huawei” ölkədə sifarişlərə malikdir və “5G” infrastrukturunu aktiv inkişaf etdirir. Bundan başqa, “Huawei” rəqiblərlə müqayisədə pandemiya böhranından daha tez çıxıb: bu, Çinin digər ölkələrdən daha tez böhranlı vəziyyəti nəzarət altına alması ilə əlaqədardır.
Çin korporasiyasının uğuruna baxmayaraq analitiklər tərəfindən yarımkeçiricilər bazarında defisit səbəbindən “Huawei” üçün mümkün azalma proqnozlaşdırılır. Bu, istehsal edilən beşinci nəsil mobil rabitə dəstəkli smartfonların sayını xeyli azalda bilər.
Nizam Nuriyev