Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Tarix: 26 Iyul 2019 14:24

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin 27 iyul-2 avqust 2019-cu il tarixdə qabiliyyət imtahanı keçiriləcək.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qabiliyyət imtahanı üçün qeydiyyat iyulun 20-dən 24-dək aparılıb. Qabiliyyət imtahanına buraxılış 150 (yüz əlli) bal olaraq müəyyənləşdirilib.

Abituriyentlərin dünyagörüşü səviyyəsinin və İslamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə DİM tərəfindən Dini-Psixoloji Komissiya yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutun və DİM-in əməkdaşları daxil ediliblər. Müsahibədə abituriyentlərin psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanlarının xüsusi metod yolu ilə yoxlanılması nəzərdə tutulub.

Müsahibə zamanı abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri; İslamşünaslıq ixtisasına uyğunluqları; gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri; insanlarla ünsiyyət bacarıqları; xitabət və natiqlik qabiliyyətləri qiymətləndiriləcək.

Məlumat üçün bildiririk ki, 27 iyul 2019-cu il, saat 09:00-dan başlayacaq qabiliyyət imtahanı avqustun 2-dək Bakı şəhəri Əhməd Cəmil, 41/A ünvanında – Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək.

Qeyd edək ki, Aİİ Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəaliyyət göstərir. Ali təhsil müəssisəsinin məqsədlərindən biri din sahəsində yüksəkixtisaslı kadrlara olan tələbatı beynəlxalq standartlara əsaslanaraq təmin etmək, həm İslam, həm də digər dünya dinləri haqqında dərin biliyə malik, tərəfsiz və bütün konfessiyalara dözümlü yanaşan ilahiyyatçı kadrlar hazırlamaqdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Aİİ İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ