Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 17:48
Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki,bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına. Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər. O vaxt Daxili Qoşunların komandanı, bu gün xaricdə gizlənən bir tula, oraya desant göndərirdi. Torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar isə Naxçıvanda Heydər Əliyevə qarşı mübarizə aparırlar. Bunlar Xalq Cəbhəsi-Müsavat xəyanətkarlarının əməlləridir. Ancaq qorxdular, heç burunlarını soxa bilmədilər. Çünki xalq qalxdı, dedilər ki, gələn kimi sizi burada məhv edəcəyik. Vətəndaş müharibəsinə start verdilər, Gəncəni bombaladılar, Azərbaycan əsgərlərini əsir götürdülər, torpaqlar işğal altına düşə-düşə. Bu, xəyanət deyil, bəs nədir?! 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verdilər. Ondan sonra təşvişə düşdülər, qorxuya düşdülər, depressiyaya düşdülər. Bu günə qədər də bu depressiyadan çıxa bilmirlər. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Onların dar ağacı hazır idi. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular - torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər. Ona görə, mən deyəndə ki, bunlar xəyanətkardırlar, satqındırlar, düşməndirlər, bax, buna əsaslanaraq deyirəm. Tarixi faktlara əsaslanaraq deyirəm. Onların mənfur xisləti bu gün də özünü büruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da altdan-altdan bizim ordumuza şər ataraq, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil.
Məhz Azərbaycan xalqının dəstəyinə arxalanaraq Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bütün xoşagəlməz hallara son qoydu, bütün qanunsuz silahlı birləşmələri tərksilah etdi, sabitlik, qayda-qanun yaradıldı və nizami ordu quruculuğu başlandı".