Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2021 14:58
"Ukrayna Prezidenti Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə Moskva görüşü qeyri-mümkündür".
Sonxeber.net qafqazinfoya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, Donbassdakı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbərinin müavini Aleksey Reznikov "Savik Şusterin söz azadlığı" adlı yutub kanalının efirində bildirib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti "müharibə zamanı Rusiya paytaxtına gedib təcavüzkar ölkənin nümayəndəsi olan bir şəxslə görüşə bilməz".
Reznikov Rusiya liderinin təklifinin onun üçün bir az qəribə göründüyünü vurğulayaraq belə bir görüşün "Normand formatı" çərçivəsində Almaniya və Fransa rəhbərlərinin iştirakı ilə keçirilməli olduğunu qeyd edib.
Qeyd edək ki, aprelin əvvəlində Vladimir Zelenski rus dilində Vladimir Putinə müraciət edərək müharibənin davam etdiyi Donbass bölgəsinin istənilən nöqtəsində görüşməyi təklif edib. Zelenski çıxışında keçmişə baxmayaraq, Rusiya və Ukraynanın gələcəyini fərqli şəkildə gördüyünü də söyləyib.
Cavabında Putin Zelenskini ikitərəfli münasibətləri istənilən vaxt müzakirə etmək üçün Moskvada qəbul etməyə hazır olduğunu bildirib. Rusiya lideri vurğulayıb ki, Kiyev qondarma Donetsk və Luqansk Xalq Respublikaları (DPR və LPR) nümayəndələri ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparmalıdır.