Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi Bakı Kremldən hesabat tələb edə bilər: Rus sülhməramlılar hansı missiyanı icra edirlər?

Rəsmi Bakı Kremldən hesabat tələb edə bilər: Rus sülhməramlılar hansı missiyanı icra edirlər?

Tarix: 24 Aprel 2021 20:06

Sonxeber.net musavat.com-a istinadən Elçin Xalidbəylinin yazısını təqdim edir.

Rusiya sülhməramlı qüvvələri 10 noyabr və 11 yanvar anlaşmalarını kobud şəkildə pozurlar; Rus hərbi kontingentinin davranışları bölgə sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını ləngitməyə və ya ümumiyyətlə, əngəlləməyə yönəlmiş kimi görünür...

Son vaxtlar Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən narazılıq ciddi şəkildə artmağa başlayıb. Rusiya sülhməramlı qüvvələrinin öz missiyalarına sadiq olub-olmadığı hazırda əsas müzakirə mövzusuna çevrilib. Və bu, regionda yeni inkişaf dövrünün başlanması qarşısında önəmli əngələ də çevrilə bilər.

Düzdür, Kreml Rusiyanın hərbi əməliyyatların dayandırılmasında oynadığı roldan olduqca məmnundur. Hətta hər imkanda bundan xüsusi olaraq, qürurla danışırlar. Üstəlik, az qala bunu böyük qəhrəmanlıq kimi də qələmə verməyə çalışırlar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu mövzuda danışarkən, adətən, Qarabağda silahlı münaqişənin dayandırılmasının Kreml sahibinin xidməti olduğunu vurğulayır. Rusiya prezidenti Vladimir Putin isə bu mövzunu Rusiyanın uğurları sırasına yazmağa həvəsli görünür.

Əlbəttə, bəlkə də Qarabağda hərbi əməliyyatların dayandırılmasına görə Rusiyanın rolunu qeyd etmək olardı. Ancaq bir şərtlə ki, bu, problemin təməldən həllinə yol açmış olaydı. Halbuki, indiki halda, Rusiya problemin həllində yekun nöqtənin qoyulması qarşısında əsas əngəl rolunu oynayır.

Elə ermənilərin də bundan çox məmnun olmaları Rusiyanın əslində, problemin təməldən həllinə əngəl törədən faktora çevrildiyini göstərir. Ermənistanın xarici işlər naziri Ara Ayvazyan da bu məsələni ermənilərə tez-tez xatırlatmağa üstünlük verir: "Müharibə Rusiyanın səyləri sayəsində dayandırıldı. Bu, bəzilərinin xoşuna gəlməyə də bilər. Ancaq bu, faktdır. Əks halda, tamamilə fərqli situasiya yarana bilərdi".

Belə anlaşılır ki, rəsmi İrəvan hər halda, mövcud situasiyadan o qədər də narazı deyil. Ermənistan savaşda sarsıdıcı məğlubiyyətə uğrayıb, onillik ərzində bərpa edə bilməyəcəyi maliyyə-iqtisadi və hərbi itkilərə məruz qalıb. Ancaq indiki vəziyyəti də qazanc kimi dəyərləndirmək meylləri mövcuddur.

Bunun yeganə səbəbi yenə də Rusiya ilə birbaşa bağlıdır. Belə ki, Kreml I Qarabağ müharibəsində törətdiklərini indi bir qədər fərqli keyfiyyətdə təkrarlamaqdadır. Rusiya həmin dövrdə ermənilərin qələbəsi üçün əlindən gələn hər şeyi etmişdi. İndi də israrla çalışır ki, Qarabağdan ermənilərin əli-ayağı kəsilməsin. Üstəlik, ermənilərə separatizmi davam etdirmək üçün hər cür şərait yaradılıb.

Separatçılar Rusiya sülhməramlı qüvvələrinin arxasına sığınıb, Xankəndidə təxribat törətməklə sülh prosesini pozmağa cəhd göstərirlər. Eyni zamanda, separatçıların Rusiya-Azərbaycan münasibətlərinə kölgə salınması istiqamətində də fəaliyyət göstərdikləri qətiyyən diqqətdən yayınmır. Hər halda, buna sübut sayıla biləcək çox sayda açıqlama və davranışı misal göstərmək mümkündür. Halbuki bununla bağlı sadəcə, bir misalı belə, ön plana çıxartmaq tamamilə yetərlidir.

Məsələ ondadır ki, 10 noyabr anlaşmasından artıq 6 ay keçib. Ancaq Rusiya sülhməramlı qüvvələrinin fəaliyyət göstərdiyi bölgədə hələ də darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntüləri qalmaqdadır. Halbuki anlaşmaya görə, həmin ərazilərə yalnız dinc erməni sakinlərin qayıdışı nəzərdə tutulmuşdu. Silahlı ermənilər isə tərksilah olunmalıydı. Ancaq bu, hələ də edilməyib.

Bütün bunlara baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ölkəsinin adından anlaşma ilə bağlı çağırış etməkdən özünü saxlaya bilmir: "Rusiya Azərbaycan və Ermənistanı revanşist və militarist ritorikadan çəkinməyə çağırır. Hesab edirik ki, Bakı və İrəvanın bəyanatları, praktiki addımları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmalarına uyğun olmalıdır. O ki qaldı regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına, bu məsələ də mənim səsləndirdiyim məntiqə uyğundur".

Belə anlaşılır ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi dolayısı ilə hətta Azərbaycanın da anlaşmanı pozduğuna eyham vurur. Halbuki, rəsmi Bakının hər hansı davranışında və qərarında həmin eyhamı haqlı çıxara biləcək heç bir örnək mövcud deyil.

Əksinə, Kremlə güvənib, təxribatçı  addımlar atan Ermənistanı bir kənara buraxıb, elə Rusiya sülhməramlı qüvvələrinin davranışlarına diqqət etsək, onlarla kobud pozuntuya rast gəlmək mümkündür.

Birincisi, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyət göstərdiyi bölgədə erməni silahlı terrorçuları var və onlar hələ də tərksilah olunmayıb. Digər tərəfdən, həmin erməni terrorçulara Laçın dəhlizi ilə Ermənistan ərazisindən silah-sursat və ərzaq daşınır. Rus sülhməramlılar isə nədənsə bu cinayətkar davranışları görmürlər. Bununla da ermənilərə bölgədə yenidən güclənmək imkanı yaratmış olurlar.

İkincisi, Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizinə nəzarəti olduqca qüsurlu şəkildə həyata keçirirlər. Həmin dəhlizdən Ermənistan rəsmilərinin və xarici ölkə təmsilçilərinin keçməsinə imkan verirlər.

Bununla da, Azərbaycan sərhədlərinin kobud şəkildə pozulmasına və əraziyə qanunsuz müdaxiləyə şərait yaratmış olurlar. Çünki Xankəndi və ətraf bölgə məhz beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu reallığa Rusiya sülhməramlı qüvvələri də hörmətlə yanaşmalıdırlar.

Bütün bunları nəzərə aldıqda, Kremlə yönəlik bir çox önəmli suallar ortaya çıxır. Məsələn, Rusiya sülhməramlı qüvvələri silahlı terrorçuların dolaşdığı bölgənin erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinə necə dəstək vermək niyyətindədir. Bəlkə onların üzərinə üçtərəfli anlaşmaların icrası deyil, sadəcə,  bölgəni idarəolunmaz vəziyyətə gətirmək missiyası qoyulub.

Göründüyü kimi, Rusiya sülhməramlı qüvvələri artıq bölgənin Azərbaycan cəmiyyətinə inteqrasiyası qarşısında müəyyən problemlər yaratmağa başlayıb. Belə davam edəcəyi təqdirdə, rəsmi Bakı ilə Kreml arasında narazılığın yaranması qaçılmaz xarakter daşıya bilər.

Rəsmi Bakı hələlik mümkün qədər səbrli davranmağa çalışsa da, belə vəziyyətin uzun müddət davam edə bilməyəcəyi şübhə doğurmur. Və çox yaxın vaxtlarda Azərbaycanın Kremldən Rusiya sülhməramlı qüvvələrinin bölgədə nə etmək istədikləri, əslində, hansı missiyanı yerinə yetirdikləri barədə hesabat tələb edə biləcəyi də qətiyyən istisna deyil.


Etiketlər:  Rəsmi Bakı Kremldən hesabat tələb edə bilər sülhməramlılar hansı missiyanı icra edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ