Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 20:30
İtaliyada koronavirusa qarşı tətbiq olunan peyvənd dozalarının gündəlik həcmi yarım milyonu ötüb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, səhiyyə naziri Roberto Speranza aprelin 29-da mühüm göstəriciyə nail olunduğunu elan edib. Bununla da Mario Draqinin rəhbərlik etdiyi yeni hökumət aprelin sonunadək gündəlik həcmin yarım milyona çatdırılacağına dair vədinə əməl edib. Hökumətin məlumatına əsasən, indiyədək İtaliyada 19,4 milyon peyvənd dozası tətbiq olunub.
Bu həftə ərzində ölkəyə dörd fərqli istehsalçının ümumilikdə 4,7 milyon peyvənd dozası gətirilib. Vaksinasiya kampaniyası çərçivəsində hökumət ölkədə iqtisadi fəaliyyətin fasiləsiz təmin olunması üçün şirkətlərlə yeni proqram icra edəcək. Proqrama əsasən, müəssisələrdə işçilərin peyvənd olunması yerində həyata keçiriləcək.
Peyvənd proqramının mümkün qədər sürətli aparılması ilə hökumət yay mövsümünə kimi turizm ölkəsi olan İtaliyada yoluxma səviyyəsini minimuma salmağa və turizm mərkəzlərinin fəaliyyətini təmin etməyə çalışır.