Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2021 16:36
"İllər ərzində Azərbaycan xalqının maraqlarını əsas tutaraq beynəlxalq kürsülərdə Qarabağla bağlı həqiqətləri bütün dünyaya çatdıran Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi çərçivəsində də sadəcə döyüş meydanında deyil, informasiya müharibəsində ən Ali vəzifəni məhz özü üstlənərək, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə 30-dan artıq müsahibə verməklə bu şərəfli missiyanın da öhdəsindən uğurla gəldi".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, bu günə qədər heç bir müsahibə xarici mediada bu qədər izlənməyib:
"Prezidentin Vətən müharibəsi dövründə BBC-yə verdiyi müsahibənin "Twitter"də 3 milyon baxış sayını keçməsi informasiya savaşımızın təntənəsi kimi qeyd olunmaqla yanaşı, illərlə Azərbaycana hədə gəlməklə, böhtan atmaqla məşğul olan dairələr üzərində də növbəti təntənəli qələbəsidir. Bu həm də məğlubedilməz erməni diasporunun xəstə təfəkkürünün çürüdülməsidir. Bu günə qədər heç bir müsahibə, heç bir çıxış xarici mediada bu qədər izlənməyib. Müsahibədən altı ay keçməsinə baxmayaraq onun bu qədər müzakirələrə səbəb olması, geniş rezonans doğurması həm də və birbaşa ölkə rəhbərinin şəxsinə, düşüncələrinə və çıxışlarına beynəlxalq arenada yüksək səviyyədə olan diqqətin əyani təzahürüdür. Prezidentin müsahibə zamanı söylədiyi arqumentlər, səsləndirdiyi fikirlər ölkə başçımızın səbəb-nəticə əlaqəsinə söykənən məntiqli diplomatiyasına, hüququn aliliyinə söykənərək yürütdüyü ədalətli siyasətinə güzgü tutulması idi. Bu həm də qərəzli jurnalistə bir şans idi ki, güzgünün bir digər üzünü də öz tərəfinə çevirsin, indiyə qədər bizə qarşı nə qədər ədalətsiz bir mövqe nümayiş etdirdiklərini görsün.
Müharibədə baş verənlər haqqında məlumatı məhz ölkənin birinci rəsmi şəxsindən almaq beynəlxalq aləmə əsil həqiqətləri çatdırmağın, həm də Vətən savaşında, haqq davamızda nə qədər prinsipial olduğumuzun aşkar nümayişi idi. Saysız-hesabsız "Twitter" istifadəçisinin cənab Prezident İlham Əliyevin haqlı olduğu ilə bağlı şərhləri bir daha göstərir ki, bəli, biz dünyanın hər bir bucağına öz haqq səsimizi çatdırmağı bacardıq və haqq savaşımızda haqlı qalibiyyət əldə etdik".
Təhməz Əsədov