Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2021 13:08
Mayın 21-də Almaniyada vəfat edən Tahir Salahov haqqında Rusiyanın tanınmış rəssamları APA-ya xatirələrini bölüşüblər.
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı Tahir Salahov 40 ildən çox Rusiya Rəssamlıq Akademiyasında çalışıb, akademiyanın vitse-prezidenti olub.
Zurab Tsereteli: "Mənim üçün Tahir Salahov həyatdan getməyib"
Rusiya Rəssamlıq Akademiyasının prezidenti, tanınmış rəssam və heykəltəraş Zurab Tsereteli Tahir Salahovu dünyanın nəhəg rəssamı hesab etdiyini söyləyib: "Mənim üçün Tahir Salahov həyatdan getməyib. Biz Tahir Salahovla tanış olanda çox cavan idik. Rəssamlıq yolunda onunla birlikdə addımlamışıq. Tahir Salahovun Rəssamlıq Akademiyasında gördüyü işlər sadə deyildi. Mənə indi bu mövzuda danışmaq çox çətindir. Mən indi içdən ağlayıram. Tahir Salahov hələ yaşamalı idi, onun möhtəşəm planları vardı. Bir sözlə, dünya nəhəng rəssamını itirdi. O, təkcə rəssam kimi özünü yaratmamışdı, bir neçə nəsil üçün rəssamlar yetişdirmişdi. Tahir Salahov neçə-neçə rəssamlara öz həyatını, sənətə öz münasibətini verib. Tahir Salahovun haqqında keçmiş zamanda mənə danışmaq çox ağırdır!"
Nikas Safronov: "Bir zamanlar özümü Tahir Salahova oxşatmağa çalışmışdım"
Rusiyanın tanınmış rəssamı Nikas Safronov Tahir Salahovun əsərlərini hələ uşaqlıq dövründən xatırladığını söyləyib: "Onun ərsəyə gətirdiyi Qara Qarayev, Dmitri Şestokoviç, Olqa Rukavişnikova portretlərini uşaqlıqdan xatırlayıram. Hətta bir zamanlar özümü Tahir Salahova oxşatmağa çalışmışdım. Tahir Salahov bir çox möhtəşəm insanların dostu olduğu kimi mənim də dostum idi. Mənim Bakıda sərgim keçirilən zaman Tahir Teymuroviç ilk ziyarət edənlərdən biri idi və həmin sərgini Heydər Əliyevlə birgə açmışdı. Tahir Salahovla bir epoxa, özünü ancaq yaradıcılığa həsr edən möhtəşəm rəssam həyatdan getdi. Onun öz vətəninə, doğma şəhəri Bakıya həsr etdiyi əsərləri indi də xatırlayırıq".
N. Safronov Tahir Salahovun həyatdan getməsini Rusiya Rəssamlıq Akademiyası üçün də böyük itki adlandırıb: "Tahir Salahov uzun illər idi ki, akademiyanın vitse-prezidenti idi. Rusiya Rəssamlıq Akademiyası 90-cı illərdə çətin günlər yaşayan zaman Tahir Salahov hər zaman akademiyanın yanında olub, öz müdrik fikirləri ilə akademiyanın həyatında çox mühüm rol oynayıb. Tahir Salahov mənim üçün əfsanəvi rəssam idi. Ona görə də, bu gün Tahir Salahovun vəfatından təkcə Azərbaycan və Rusiya deyil, bütün keçmiş Sovetlər İttifaqı, eləcə də ABŞ, İtaliya və Fransa da kədərlənir. Məncə, Tahir Salahovun vəfatından bütün yaradıcılıq dünyası kədərlənir. Çünki, o, bütün dünyanın rəssamı, vətəndaşı idi. Onunla 50-60-cı illərin dahi insanlarının möhtəşəm pleyadası həyatdan getdi".
Andrey Zolotov: "Tahir Salahov Ümumdünya müasir təsviri sənətinin əfsanəsidir"
Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti Andrey Zolotov Tahir Salahovun vəfat etməsini qəbul etməyin çox çətin olduğunu bildirib: "Bizim üçün Tahir Salahov müasir təsviri sənətin böyük bir mərhələsi, əfsanəsidir. O, Sovetlər İttifaqının, Azərbaycanın və Rusiyanın, ümumdünya müasir təsviri sənətinin əfsanəsidir. Əksər hallarda rəssam digər insanlardan seçilir. Salahov isə cəmiyyətə, mədəni mühitə həmahəng olub. Bu da gözəl və nadir cəhətdir. O, müdrik insan, öz üslubunu yaratmış böyük rəssam olub. Hər rəssama öz üslubunu yaratmaq qismət olmur. Yəni, özünə xas olan, hamının anladığı sənət dilini yaratmaq hər kəsə nəsib olmur. Tahir Salahov hamını qovuşduran ümumbəşər incəsənəti yaradıb. O, hər şeyi, hər kəsi ayırd edərdi. Onun nüfuzunu hamı qəbul edirdi. Tahir Salahov hər zaman nümunə göstərilib. Bizim akademiyada da onu əziz tuturdular. Bilirsiz, bizim akademiyanın 300-dən çox yaşı var. Akademiyamız üçün Tahir Salahov tarixi fiqur və böyük dəyərdir".