Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan yenə istəyinə nail olmadı - Azərbaycan bunu bağışlamaz

Paşinyan yenə istəyinə nail olmadı - Azərbaycan bunu bağışlamaz

Tarix: 3 Iyun 2021 10:18

Nikol Paşinyanın Fransa səfəri əli aşından da, vəli aşından da olan Emanuel Makron höküməti üçün rəsmi Bakı və Ankaraya təzyiq etmək baxımından növbəti zəmin yaratdı. Paşinyan isə Parisdən açıq şəkildə sərhəddəki insident zamanı Rusiyanın ikibaşlı bəyanatlar verdiyini, Fransanın isə Moskvadan fərqli olaraq Ermənistana birbaşa dəstəyini ifadə etdiyini bildirməklə Kremldən narazı olduğunu bir daha ortaya qoydu. 

Moskva görüşü ərəfəsində Paris və İrəvanın sərhəddəki təxribatı Paşinyan hakimiyyətinin konstruktiv mühitdə danışıqlar prosesindən imtinası kimi qeyd edilə bilər. Elə bunun davamı olaraq bu cür təxribatların sistemli şəkildə yaxın həftələr ərzində təkrar oluna biləcəyi istisna edilmir. Makronun və Paşinyanın Rusiyanın iştirakı ilə Azərbaycan-Ermənistan arasında davam edən danışıqlara zərbə vurmaq cəhdi təsadüfi deyil. 

Parisə səfəri əsnasında Emmanuel Makron, Fransa Milli Məclisinin spikeri Rişar Ferran, Senatın spikeri Jerar Larşe, Parisin meri Ann İdalqo, habelə Fransa parlamentindəki ermənipərəst deputatlarla, sonda isə Fransadakı erməni icmasının rəhbərləri ilə görüşü zamanı Nikol Paşinyanın Rusiyanı qəzəbləndirəcək açıqlamalar verməsi, eyni zamanda onun hələ də 44 günlük müharibədəki ağır məğlubiyyətə görə rəsmi Moskvanı əsas təqsirkarlardan biri kimi gördüyündən xəbər verir. Sorosun yetirməsi olan və əvvəl-axır Rusiyanı Ermənistandan çıxarmağı hədəfləyən Paşinyan istəyinə çatmaq üçün parlament seçkiləri qabağı bütün imkanlarını xərcləməyə davam edir. Bunun təsdiqi kimi üzərindən 6 aydan çox bir vaxt keçməsinə baxmayaraq 10 noyabr üçtərəfli bəyanatının şərtlərini yerinə yetirməmək üçün əlindən gələni əsirgəməyən Paşinyan, elə düşünür ki, erməni hərbçilərin sərhəddə törətdiyi təxribatlar (İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar. Azərbaycan Respublikasının silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb. Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilməyib) Ermənistanda seçkiqabağı ictimai rəyin formalaşmasına ciddi təsir göstərir. Amma Paşinyan və onun silahlı birləşmələri unutmamalıdırlar ki, istənilən an Azərbaycan Ordusunun Dəmir yumruğu yenidən işə düşə bilər. Çünki Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür.

Emanuel Makrona gəldikdə isə, 10 noyabr bəyanatından sonrakı vəziyyətə uyğun olaraq Azərbaycan və Ermənistan arasında demarkasiya və delimitasiya məsələlərinin həllini tapmalı olduğu halda bizim qoşunlarımızın öz sərhədlərimiz daxilində sərhəd postlarını qurmasını Ermənistanın sərhədini pozaraq bu ölkənin ərazisinə daxil olmaq kimi qələmə verən fransız lider faktiki olaraq Azərbaycana qarşı dezinformasiya kampaniyasından başqa bir şey deyil. Makronun bu açıqlamalarını eyni zamanda üçtərəfli bəyanatın qarantı olan Rusiyaya qarşı demarşı kimi də başa düşmək olar.

Amma bütün bunlara görə Ermənistan məsuliyyət daşımalıdır, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir. Əks təqdirdə baş verəcək proseslər Ermənistanı gələcəyi barədə düşünməkdən də məhrum edə bilər. Çünki rəsmi İrəvanı oksigen balonuna noyabrın 10-da məhz Kreml qoşdu. Ermənistan bunu nəinki unudur, hətta xəncəri onu məhv olmaqdan xilas edənin kürəyinə saplamaqdan belə çəkinmir.

Fransa regiona qayıtmaq üçün Ermənistanı daha böyük məğlubiyyəti ilə nəticələnəcək müharibə təhlükəsinə sürükləməkdən belə çəkinmir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi 1997-ci ildən bu regional proseslərdə iştirak edən Fransa münaqişənin həlli istiqamətində heç bir konstruktiv mövqe ortaya qoymasa da, bu gün Azərbaycan Ermənistan sərhəddindəki hadisələrin manipulsyasiyası ilə məşğuldur. Lakin dünyada reytinqi ayaqlar altında olan, Fransa tarixində xalq qarşısında legitimliyi ən aşağı həddə sayılan Makron bugünkü Ermənistan torpaqlarının tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu unutmamalıdır.

Təhməz Əsədov


Etiketlər:  Paşinyan yenə istəyinə nail olmadı Azərbaycan bunu bağışlamaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ