Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ ermənilər üçün ikinci Ağrı dağı olacaq - Moskvadan ŞƏRH

Qarabağ ermənilər üçün ikinci Ağrı dağı olacaq - Moskvadan ŞƏRH

Tarix: 19 Iyun 2021 00:15

"Qarabağın statusu məsələsinin üstündən 9 noyabr 2020-ci il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı ilə xətt çəkilib. Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması ilə isə bu, bir daha öz təsdiqini tapdı".

Bunu Sonxeber.net-a açıqlamasında Moskvada yaşayan siyasi ekspert Fərid Əkbərov deyib.

O bildirib ki, Qarabağın "statusu" məsələsi birdəfəlik bağlandı:

"Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin hərbi-siyasi müttəfiqliyini möhkəmləndirən, qanuniləşdirən mühüm tarixi əhəmiyyətli sənəddir. Aydın məsələdir ki, Şuşa bəyannaməsinin "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır" bəndi bir başa Ermənistana deyil, həm də onun havadarlarına ünvanlanıb. Bu, o deməkdir ki, Ermənistan birinci Qarabağ müharibəsində olduğu kimi havadarlarına güvənib Azərbaycanla torpaq, ərazi davasına girişməsin. Havadarları isə Azərbaycana təzyiq vasitəsi kimi ermənilərin ərazi iddiaları amilindən istifadə etməsin. Əks təqdirdə, qarşılarında və Azərbaycanın yanında Türkiyəni görəcəklər. Şuşa Bəyannaməsinin tarixi-siyasi əhəmiyyəti məhz bundan ibarətdir. 

O ki, qaldı Ermənistanın keçmiş prezidenti, indi də dövlət başçısı olmağa iddialı olan Robert Köçəryanın revanşist vədlərinə, buna ancaq seçkiqabağı Ermənistan cəmiyyətinin qisasçı, daşnak əhval-ruhiyyəli kəsiminin ilkin tələbatını ödəmək kimi baxmaq lazımdır. Köçəryan özü də çox yaxşı anlayır ki, Şuşa, Hadrut, ümumilikdə Dağlıq Qarabağ Ermənistan üçün birdəfəlik əldən çıxıb. Qarabağ artıq Ermənistan üçün Ağrı dağı kimi bir məfhuma çevrilməkdədir. Yəni, ermənilər Türkiyənin Ağrı dağına baxıb köks ötürürlərsə, Qarabağa da elə baxıb köks ötürəcəklər. Bu məsələ birdəfəlik bağlanıb. 
Bəli, ara-sıra biz həmsədr ölkələr tərəfindən Qarabağın "statusu" ilə bağlı bəyanatlar eşidirik. Misal üçün axırıncı dəfə Rusiya XİN başçısı Sergey Lavrov "Primakov qiraətləri" beynəlxalq forumunda erməni ekspert tərəfindən ünvanlanan suala cavabında bu barədə danışmışdı. Lavrovun "Başa düşürəm. İndi çoxları deyir ki, Dağlıq Qarabağın statusu həll olunmamış qalır. Bununla bağlı yekun razılığa gəlinməlidir. Bəli, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə yəqin ki, indiki mərhələdə status problemini qaldırmamalıdırlar, inamın möhkəmləndirilməsi, humanitar məsələlərin, azərbaycanlılar və ermənilərin yenidən yanaşı, birlikdə, təhlükəsizlikdə və iqtisadi rifah vəziyyətində yaşamasına kömək etməlidirlər. Onda mən sizi əmin edirəm ki, bir neçə ildən sonra statusun bütün problemləri daha asan həll olunacaq" bəyanatında açar sözlər bunlardır: "status məsələsi indiki mərhələdə qaldırılmamalıdır" və "azərbaycanlıların və ermənilərin yenidən yanaşı, birlikdə təhlükəsizlikdə və iqtisadi rifah vəziyyətində yaşamasına kömək edilməlidr". Bu nə deməkdir? Ermənilər uzun illər idi ki, həm müharibədən əvvəl, həm də sonra ilk olaraq status məsələsini qaldırırlar. Müharibədən əvvəl deyirdilər ki, status həll olunsun, beş rayonu verək. Müharibədən sonra da yenə status məsələsini qabardırlar. Lakin Lavrov bu bəyanatı ilə ermənilərə deyir ki, azərbaycanlılarla bir yerdə yaşamalısız, kommunikasiyalar açılmalıdır, gediş-gəliş bərpa olunmalıdır. Yəni, status məsələsini unudun. 

Andrey Kortunov

Bunu rusiyalı tərəfsiz siyasi ekspertlərindən dilindən də eşitmişəm. Misal üçün Rusiyanin siyasi beyin mərkəzlərindən olan Beynəlxalq İşlər üzrə Rusiya Şurasının baş direktoru Andrey Kortunov bu məsələ ilə bağlı mənimlə söhbətində bildirib ki, indi çox şey Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inkişafının yeni perspektivlərini və erməni əhalisinin hüquqlarını necə təmin etməsindən asılı olacaq. Yəni, keçmiş muxtar vilayətin ərazisi bütünlüklə Azərbaycana inteqrasiya olunacaq. Azərbaycan digər regionları kimi bu Qarabağ regionunun da inkişafına sərmayələr qoyacaq, inkişaf etdirəcək və bu inkişafdan bölgənin erməni əhalisi də yararlanacaq. Bu inkişafdan yararlanmaq həmin ermənilər üçün elə status olacaq, Qarabağ erməniləri də bölgənin azərbaycan vətəndaşlaırnın sahib olduğu statusa malik olacaqlar. Bununla da status məsələsi öz həllini tapmış olacaq".

Təhməz Əsədov


Etiketlər:  Qarabağ ermənilər üçün ikinci Ağrı dağı olacaq Moskvadan ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ